Naxçıvan Müəllimlər İnstitutunda 2022-ci ilin I yarımilinin yekunlarına dair genişləndirilmiş Elmi Şura keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda 2022-ci ilin I yarımilinin yekunlarına dair genişləndirilmiş Elmi Şura keçirilib
Şuranı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov bildirib ki, 2022-ci ilin I yarımilində Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti illik iş planına və cari məsələlərə uyğun qurulmuşdur. Azərbaycan Respublikası Prezidentinin təhsil və elmlə bağlı imzaladığı Sərəncam və Fərmanlar, təsdiq etdiyi Dövlət proqramı, Strategiya, Yol xəritəsi və digər direktiv sənədlərdən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam, təsdiq etdiyi Dövlət proqramları və digər direktiv sənədlərdən irəli gələn məsələlər əsas götürülmüşdür. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə, “Naxçıvan Müəllimlər İnstitutunun 2022/2027-ci illərə dair 5 illik Strateji İnkişaf Planı”na, institutun Nizamnaməsinə, təhsil haqqında digər nörmativ-hüquqi sənədlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər kabinetinin “Koronavirus (COVİD – 19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” müvafiq Qərarlarının müddəalarına əməl olunmuşdur.
Rektor vurğulayıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutunda tədrisin keyfiyyətli təşkili və səmərəliliyinin artırılması, elmi mühitin inkişaf etdirilməsi, elmi-pedaqoji kadr potensialının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, ümumrespublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində görülmüş işlər 2022-ci ilin I yarımilində də davam etdirilmiş, institutun struktur bölmələri 2022-ci ilin I yarımili üçün fəaliyyətini kadr potensialı və hazırlığı sahəsində, tədris və tərbiyə işləri sahəsində, pedaqoji təcrübə, yekun dövlət attestasiyası və yaz imtahan sessiyasının təşkili və keçirilməsi, institutun elmi-tədqiqat və innovasiya fəaliyyəti, İxtisasartırma və yenidənhazırlanma sahəsində, xarici əlaqələr sahəsində, elmi və elektron kitabxananın fəaliyyətinə dair, mətbuat xidməti və təsərrüfat işləri sahəsində yerinə yetirmişdir.
Diqqətə çatdırılıb ki, hesabat dövründə elmi-pedaqoji kadrların hazırlanması və institutun elmi potensialının möhkəmlənməsi istiqamətində bir sıra nəticələr əldə edilmişdir: “Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 sentyabr 2020-ci il tarixli qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (riyaziyyatın tədrisi metodikası) ixtisasında və 5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisasında pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini həyata keçirmək üçün yaradılmış Dissertasiya şurasında hesabat yarımilində 8 nəfər dissertant fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmişdir. Həmin dövrdə 1 əməkdaşımız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcə diplomunu almışdır.
Qeyd olunub ki, 01 may 2022-ci il tarixindən Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Psixoloq saatı” verilişi hazırlanır. Veriliş psixologiya sahəsində kadr hazırlığına, məktəb psixoloqlarının, valideynlərin maariflənməsinə xidmət edir.
Azad Novruzov geniş hesabat çıxışında qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu alimlərinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunmuş əsərlərinə dünya miqyasında elmi istinadlar hesabat yarımilində də davam etmişdir. O cümlədən, əldə edilmiş elmi nəticələrin beynəlxalq və ölkə elmi məkanında tanıdılmasını təmin etmək məqsədilə Naxçıvan Müəllimlər İnstitutunda hazırda çalışan bütün əməkdaşların (100 əməkdaşdan 96 nəfərinin) Academia.edu açıq akademik sistemdə səhifələri mütəşəkkil qaydada açılmışdır. Əvvəllər çap edilmiş, lakin internetdə olmayan məqalələrinin bu sistemdə yerləşdirilməsinə, institutun rəsmi nmi.edu.az saytında akademik heyət üzvlərinin mövcud fərdi səhifələrinin yenilənməsi və onların bütün nəşrlərininə keçidlərin həmin səhifələrə inteqrasiya edilməsinə başlanılmışdır.
Bildirilib ki, hesabat dövründə Naxçıvan Müəllimlər İnstitutu hibrid (əyani və videobağlantı) formatda 2 respublika konfransı keçirmiş və 2 beynəlxalq konfransda tərəfdaş kimi iştirak etmiş, xarici əlaqələr sahəsindəki işlər diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Müəllimlər İnstitutu Türkiyənin Kocaeli, Sakarya, Anadolu Universitetləri ilə Mevlana Mübadilə proqramı çərçivəsində əməkdaşlığını davam etdirmişdir. İxtisasartırma və yenidənhazırlanma sahəsində işlər 2021-2022-ci tədris ili üçün ixtisasartırma təhsili üzrə hazırlanmış, tədris-təqvim planına əsasən 16 adda dəyirmi masa, elmi praktik konfrans, ustad dərsləri və ixtisaaartırma tədbirləri yerinə yetirilmişdir. Görülmüş işlər və həyata keçirilmiş elmi tədbirlərlə bağlı materiallar mütəmadi olaraq mətbuat və televiziyada, institutun rəsmi saytında işıqlandırılmışdır.
Sonra institutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev, İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva və Elmi katib Qurban Qurbanlı qarşıda duran vəzifələr və perspektivlər haqqında çıxış ediblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
