Naxçıvan Müəllimlər İnstitutunda 2021-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran məsələlər müzakirə olunub.

   

Naxçıvan Müəllimlər İnstitutunun Elmi şurasının 15 iyul 2021-ci il tarixli genişləndirilmiş iclasında institutun rektoru Azad Novruzov çıxış edərək bildirmişdir ki, 2021-ci ilin birinci yarımilində Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti illik iş planına uyğun olaraq təşkil edilmiş, Azərbaycan Respublikası Prezidentinin təhsil və elmlə bağlı imzaladığı Sərəncam, Fərmanlar, təsdiq etdiyi Dövlət proqramları və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam, təsdiq etdiyi Dövlət proqramlarından irəli gələn məsələlər əsas götürülmüşdür. Həmçinin Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, institutun Nizamnaməsinə, təhsil haqqında digər nörmativ-hüquqi sənədlərə əməl olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər kabinetinin “Koronavirus (COVİD – 19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” müvafiq Qərarlarının müddəalarına əməl olunmuşdur.

Rektor qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Müəllimlər İnstitutunun formalaşdırılması, elmi-pedaqoji kadr potensialının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, ümumrespublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində görülmüş işlər 2021-ci ilin birinci yarımilində də davam etdirilmişdir.

Nəzərə çatdırılmışdır ki, hesabat ilində Naxçıvan Müəllimlər İnstitutunun elmi-pedaqoji kadr potensialı 100 nəfərdənibarət olmuşdur. Bunlardan 45 nəfəri elmi dərəcəli, o cümlədən 5-i elmlər doktoru, 40-ı fəlsəfə doktoru, qalan 55 nəfəri elmi dərəcəsi olmayan müəllimdən ibarətdir. Professor-müəllim heyətinin tərkibində 4 professor, 27 dosent, 42 nəfər baş müəllim, 27 müəllim vardır.

Hesabat ilində institutundа 16 iхtisаs üzrə bаkаlаvr, 5 ixtisas üzrə isə magistr hazırlığı aparılmışdır.

Elmi-pedaqoji kadrların hazırlanması və institutun elmi potensialının möhkəmlənməsi istiqamətində bir sıra nəticələr əldə edilmişdir. Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə kadr hazırlığının aparılması davam etdirilmişdir. Hesabat ilində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 sentyabr 2020-ci il tarixli qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini həyata keçirmək üçün yaradılmış Dissertasiya şurası öz işini uğurla davam etdirmişdir. Belə ki, 2 nəfər dissertantımız fəlsəfə doktoru dissertasiyalarını uğurla müdafiə etmişlər. 2 nəfər əməkdaşımız isə müdafiə üçün mövcud mərhələlərə buraxılmışdır. Hesabat dövründə 1 əməkdaşımız  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcə diplomunu almışdır.

2021-ci ilin I yarımilində institutda tədris işləri normativ hüquqi sənədlərə və bəzi dəyişikliklərə  uyğun təşkil edilmişdir.

2020-2021-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq işləri vaxtında görülmüşdür. Dərs və imtahan cədvəlləri hazırlanaraq məlumatlar institutun saytında yerləşdirilmişdir.

Rektorluq tərəfindən tədrisin səmərililiyinin artırılması, dərslərin keyfiyyətli təşkili üçün mütəmadi olaraq nəzarət mexanizmi hazırlanaraq tətbiq edilmiş, gənc müəllimlərlə yeni metodikalar üzərindən maarifləndirici müzakirələr təşkil olunmuşdur.

29 aprel 2021-ci il tarixdə tədrisin yeni metodlarla zənginləşdirilməsi və tələbələrin STEAM təlim metoduna yiyələnmələri üçün institututda yeni STEAM kabinəsi yaradılmışdır.

Tələbələrin yeni ideya və layihələrinin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılmışdır. İnstitutda fəaliyyət göstərən innovasiya laboratoriyasının təşkilatçılığı ilə hesabat dövründə “Startap: İnnovativ gələcəyə doğru” mövzusunda maarifləndirici seminar keçirilmiş və tələbələrin yeni layihələrinin təqdimatı olmuşdur.

Rektor vurğulamışdır ki, 2021-ci ilin I yarımilində yenidənhazırlanma və ixtisasartırma sahəsində 2020-2021-ci tədris ili üçün iş planı və ixtisasartırma təhsili üzrə hazırlanmış, elmi şuranın 03 noyabr 2020-ci il tarixli iclasında qəbul olunmuş, rektorun 03 noyabr 2020-ci il tarixli 4/07 nömrəli əmri ilə təsdiq olunmuş Tədris-təqvim planına əsasən bir sıra işlər yerinə yetirilmişdir. (Metodikdestek.nmi.edu.az) saytı yaradılmışdır. Ümumilikdə 21 adda müxtəlif səpkili ixyisasartırma kursu, konfranslar və seminar-təlimlər keçirilmişdir.

Hesabat ilində elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi vəziyyəti haqqında rektor bildirmişdir ki, institut üçün vahid elmi problem – “Elm və təhsilin tarixi, nəzəriyyəsi və təlim texnologiyaları” olaraq müəyyənləşdirilmişdir. Hazırda 94 nəfər əməkdaş Naxçıvan Müəllimlər İnstitutunun profilinə uyğun elm sahələri və istiqamətləri üzrə əsasən ölkənin ictimai-siyasi və tarixi prosesləri və mövcud maddi-mədəni dəyərlərinin Naxçıvan regional məsələlərinə aid və digər ümumelmi 94 mövzu üzrə tədqiqat aparır. 2021-ci ilin I yarımilində institut əməkdaşlarının ümumilikdə 253 əsəri, o cümlədən 35 kitab, kitabça və broşüru (monoqrafiya, dərs vəsaiti, metodik vəsaiti, fənn proqramı və digər), 130 elmi və elmi-metodik məqaləsi və 88 konfrans materialı (tezisi) çap olunmuşdur. Məqalələrdən 16-sı xaricdə, o cümlədən 14-ü impaktfaktorlu jurnallarda dərc olunmuşdur.

Elmi-metodiki məqalələrlə yanaşı 2021-ci ilin birinci yarımilində institut əməkdaşlarının ənənəvi və elektron mətbuatda 144-dən artıq çıxışları olmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunun 2021-ci ilə aid elmi tədbirlər planına əsasən I yarımildə bir sıra respublika, regional və instutut səviyyəli konfrans və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuş və reallaşdırılmışdır. Ümumilikdə yarımil ərzində 2 respublika və regional konfrans, 18 adda müxtəlif səpkili institut səviyyəli elmi tədbirlər keçirilmişdir.

Tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini yerinə yetirən Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti cari tədris ilində də rektorluğun daim nəzarəti və qayğısı altında olmuşdur. Belə ki, hesabat dövründə 200-ə qədər tələbə və magistrantın tədris ili ərzində yerinə yetirdiyi işlər uyğun kafedraların turundan keçməklə, Pedaqoji fakültənin konfransında cəmi 113 nəfər, Təbiət və incəsənət fakültəsində 73 nəfər məruzə ilə çıxış etmişdir. Hər iki fakültə üzrə müzakirələrdən keçmiş işlər, o cümlədən Pedaqoji fakültə üzrə – 57 iş, Təbiət və incəsənət fakültəsi üzrə – 41 iş, habelə magistranrlardan 2 iş, cəmi 100 iş institut üzrə yekun konfransa buraxılmışdır. Bunlardan 51-i həvəsləndirici mükafatlara layiq görülmüşdür.

Tərbiyə işləri tədris ilinin əvvəlində təsdiq olunmuş tədbirlər planına əsasən sistemli şəkildə aparılmışdır. Tələbələrin ideya-siyasi tərbiyəsi diqqətdə saxlanılmış, elmi-əməli və kütləvi-bədii tədbirlər təşkil etmişdir. Müəllim-tələbə kollektivlərinin birgə fəaliyyətinə əlverişli şərait yaradılmışdır. Naxçıvan Müəllimlər İnstitutunun kitabxanası nəzəri material baxımından zənginləşdirilmiş və kitabxanada ideya-siyasi tərbiyənin həyata keçirilməsinə dəstək məqsədilə xüsusi bölmə hazırlanmış, elmi-əməli və kütləvi-bədii tədbirlərin həyata keçirilməsinə yardım məqsədilə kafedralar ədəbiyyat və vəsaitlərlə təmin edilmişdir. Hesabat dövründə ümumilikdə 51 adda müxtəlif mövzularda tərbiyəvi tədbirlər həyata keçirilmişdir.

Rektor Azad Novruzov öz çıxışında həmçinin 2021-ci ilin birinci yarımilində Naxçıvan Müəllimlər İnstitutunda xarici əlaqələr, mətbuat xidməti və təsərrüfat işləri sahəsində icra edilmiş işləri nəzərə çatdırmışdır.

Sonra institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev və Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyevin çıxışları dinlənilmiş, 2021-ci ilin ikinci yarımilində görüləcək işlər diqqətə çatdırmış və tədbirə yekun vurmuşdur.

 

Naxçıvan Müəllimlər İnstitutunun

mətbuat və ictimaiyyətlə əlaqələr xidməti