2023-ci ilin I yarımilinin yekunlarına dair genişləndirilmiş Elmi Şura keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda 2023-ci ilin I yarımilinin yekunlarına dair genişləndirilmiş Elmi Şura keçirilib
Şuranı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov bildirib ki, 2023-ci ilin I yarımilində Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti illik iş planına və cari məsələlərə uyğun qurulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı Sərəncam, təhsil və elmlə bağlı imzaladığı Sərəncam və Fərmanlar, təsdiq etdiyi Dövlət proqramı, Strategiya, Yol xəritəsi və digər direktiv sənədlərdən irəli gələn məsələlər əsas götürülmüşdür. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə, “Naxçıvan Müəllimlər İnstitutunun 2022/2027-ci illərə dair 5 illik Strateji İnkişaf Planı”na, institutun Nizamnaməsinə, təhsil haqqında digər nörmativ-hüquqi sənədlərə, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər kabinetinin müvafiq Qərarlarının müddəalarına əməl olunmuşdur.
Rektor vurğulayıb ki, Naxçıvan Müəllimlər İnstitutunda tədrisin keyfiyyətli təşkili və səmərəliliyinin artırılması, elmi mühitin inkişaf etdirilməsi, elmi-pedaqoji kadr potensialının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması istiqamətində görülmüş işlər 2023-ci ilin I yarımilində də davam etdirilmiş, tədris və tərbiyə işləri sahəsində, pedaqoji təcrübə, yekun dövlət attestasiyası və yaz imtahan sessiyasının təşkili və keçirilməsi, institutun elmi-tədqiqat və innovasiya fəaliyyəti, İxtisasartırma və yenidənhazırlanma sahəsində, xarici əlaqələr sahəsində, elmi və elektron kitabxananın fəaliyyət işləri sahəsində bir sıra nailiyyətlər əldə olunmuşdur.
Azad Novruzov hesabat çıxışında qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu alimlərinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunmuş əsərlərinə dünya miqyasında elmi istinadlar hesabat yarımilində də davam etmişdir. Bildirilib ki, hesabat dövründə Naxçıvan Müəllimlər İnstitutu hibrid (əyani və videobağlantı) formatda 3 respublika konfransı keçirmiş və 2 beynəlxalq konfransda tərəfdaş kimi iştirak etmiş, xarici əlaqələr sahəsindəki işlər diqqət mərkəzində saxlanılmışdır.
Elmi Şurada institutun Tədris Şöbəsinin müdiri Əhruz Mahmudova, İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva, Elmi katib Qurban Qurbanlı, Magistratura və doktorantura Şöbəsinin müdiri Qızıltac Şahbazova və fakültə dekanları Samirə Həsənova və Rövşən Vəliyev qarşıda duran vəzifələr və perspektivlər haqqında çıxış ediblər.
Sonra institutun rektoru Azad Novruzov institutda Ümumi işlər üzrə prorektor vəzifəsinə təyin olunan İlqar Əziz oğlu Hacıyevi kollektivə təqdim edib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN