“Gələcək üçün əl-ələ” adlı ekoloji maarifləndirmə tədbiri keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev ili”nə həsr olunmuş “Gələcək üçün əl-ələ” adlı ekoloji maarifləndirmə tədbiri keçirilib
Tədbiri giriş sözü ilə institutun dosenti, Ümumi fənlər kafedrasının müdiri Qızıllı Əliyeva açaraq bildirib ki, son illərdə dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramışdır. Bu səbəbdən də ekologiyanın qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir. Təbii sərvətlərin sürətlə tükəndiyi və yararsız hala düşdüyü, iqlim böhranının təhlükəli üzünü göstərdiyi bir vaxtda ekoloji maarifləndirmə qlobal rifah üçün əsas rol oynayır. Fərdlərin və cəmiyyətlərin möhkəm yapışması lazım olan bir anlayış olaraq önə çıxan ekoloji maarifləndirmə planetimizin gələcəyi üçün son dərəcə əhəmiyyətlidir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutu Geoekologiya və seysmologiya laboratoriyasının əməkdaşı Aytən Kərimova mövzu ətrafında çıxış edib. Vurğulayıb ki, Ekoloji problemlərin səbəblərindən əsası təbiətdən səmərəli şəkildə istifadə edilməməsidir. Ekiloji problemlərin həllində ictimaiyyətin maarifləndirilməsi ən vacib məqamlardan biridir. Əhalinin çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, meşə və yaşıllıq sahələrinin artırılması, aztullantılı iqtisadi inkişafın təmin edilməsi və ekoloji problemlərin digər yolları haqqında məlumatlandırılması aktuallıq kəsb edir. Ümummilli lider Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız!” sözlərini stat gətirən Aytən Kərimova diqqətə çatdırıb ki, ətrafımıza daha hörmətli və şüurlu yanaşaraq daha yaşıl, daha təmiz saxlamaqla yaşana bilən bir dünyaya sahib ola bilərik. Bunun üçün ilk addım olaraq gündəlik həyatınızın bəzi vərdişlərini dəyişdirmək belə bu yolda böyük bir addım atmağınıza kömək edə bilər. Yaşayış sahələrində lazımsız enerji xərclərini minimuma endirmək, lazımsız istehlak və israfdan qaçmaq, bərpa olunan mənbələrə müraciət etmək, məişət tullantılarını azaltmaq, karbon izini azaltmaq üçün fərdi tədbirlər görmək kimi kiçik tədbirlər ev iqtisadiyyatına və rifah səviyyənizə də töhfə verər. Özünüz və yaxınlarınız üçün qura biləcəyiniz daha parlaq gələcək və daha təmiz dünya sabahın insanları üçün qoya biləcəyimiz böyük bir mirasdır. Çıxışının sonunda tələbələrə gələcəyin müəllimləri olaraq fəaliyyət göstərdikləri məktəblərdə şagirdlərdən başlamaqla bütün yaş kateqoriyalarında bu problem üzrə geniş maarifləndirilmə aparmalarını tövsiyyə edib, onlara bu məsuliyyətli işdə uğurlar arzulayıb.
Sonra institutun Tələbə Gənclər Təşkilatının sədri, doktorant Aygül Məmmədova 13 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəflinin gənclərlə görüşündən, görüşdə irəli sürülən təkliflərdən, Naxçıvan Muxtar Respublikasının “sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından və bu sahədə gənclərin də üzərinə düşən vəzifələrdən danışıb, bugünkü ekoloji maarifləndirmə və ekskursiya tədbirinin gənclərin könüllü olaraq kiçik kütlə ilə başlamaqla ümumi inkişafa dəstək verəcəklərinə inandığını bildirib. Tələbə Gənclər Təşkilatının sədr müavini, bir çox proqramlarda fəal könüllü olan Abutalıb Ağa Kəngərli və təşkilat nəzdində fəaliyyət göstərən Eko klubunun sədri Röya Məmmədova tələbələr adından çıxış edərək, qoyulan problemə biganə qalmayaraq bu sahədə gördükləri işlərdən danışıblar. Qeyd edilib ki, institutun fəal tələbələri STEAM kabinəsində mütəmadi olaraq müxtəlif mövzular üzrə olduğu kimi ətraf mühitin mühafizəsi, yağış sularının əkin yerlərinə çatdırılmasına xidmət edəcək START-up layihələri üzərində işləyirlər. Çıxışçılar həyata keçirdikləri “Bir damla su” maarifləndirmə tədbiri haqqında məlumat veriblər. Diqqətə çatdırılıb ki, gənclər gələcək nəsillərə sağlam bir gələcək, təmiz bir dünya ərmağan etmək üçün səylə çalışmalı, öhdəliyimizə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etməlidirlər.
Tədbirin sonunda tələbələr institutun xidmət etdiyi yaşıllıq zolağını tullantılardan təmizləyiblər.

Author

Azərbaycan dili AZ English EN