Müxtəlif sahələrdə nailiyyətləri ilə fərqlənən tələbələrin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda 2021/2022-ci tədris ilinin ikinci yarımilində müxtəlif sahələrdə nailiyyətləri ilə fərqlənən tələbələrin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov dövlətimizin qayğısı və diqqəti ilə İnstituda təhsilalanlar üçün yaradılmış yüksək şəraitdən, göstərilən diqqət və qayğıdan danışıb, mövcud infrastruktur, maddi texniki baza və kadr potensialının təhsilalanlar və təhsilverənlər qarşısında xüsusi məsuliyyət qoyduğunu diqqətə çatdırıb.
Rektor müasir dövrdə gənclərin qarşısında duran vəzifələri, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd edərək tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirməli olduqlarına da diqqət çəkib, nailiyyətləri ilə fərqlənən tələbələri təbrik edib, onların timsalında institutun bütün tələbələrini institutut həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində, ölkəmizin inkişafında, onun modernləşdirilməsində daha fəal olmağa çağırıb.
İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev “2021/2022-ci tədris ilinin ikinci yarımilində tələbələrin asudə vaxtlarının təşkili istiqamətində görülən işlər” mövzusunda, elmi katibi Qurban Qurbanlı “2021/2022-ci tədris ilində tələbə elmi tədqiqat işlərinin işlənməsi vəziyyəti” mövzusunda çıxış edib. Bildirilib ki, ötən tədris ilində tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə institutdaxili və muxtar respublikada gənclərlə iş sahəsi üzrə fəaliyyət göstərən müxtəlif təşkilatlarla birlikdə müxtəlif səpkili tədbirlər, proqramlar həyata keçirilmiş, onların intellektual oyunlarda, diskussiyalarda, kitab müzakirələri və müsabiqələrdə, eyni zamanda idman yarışları və festivallarda kütləvi iştirakı təmin edilmiş, tələbələrin böyük bir hissəsi elmi tədqiqat işlərinə cəlb edilmiş və tələbələr muxtar respublika səviyyəsində təqdirəlayiq yerlərə layiq görülmüşlər.
Çıxışçılar müxtəlif sahələrdə nailiyyətləri ilə fərqlənən tələbələri təbrik edib, bu uğurların gələcəkdə də daim olmağını arzulayıblar.
Sonra 2021/2022-ci tədris ilinin ikinci yarımilində görülmüş işlərə, əldə olunmuş nailiyyətlərə həsr olunmuş videoçarxa baxış keçirilib.
Sonda uğurları ilə seçilən tələbələr diplom, sertikat və tərifnamələrlə mükafatlandırılıb.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN