Naxçıvan Müəllimlər İnstitutunda “Məzun-2023” adlı tədbir keçirilib
13 iyun 2023-cü il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Məzun Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə professor-müəllim heyəti, məzunlar, onların valideynləri, tələbələr və əvvəlki illərin bir qrup məzunu iştirak ediblər.
Tədbirə başlamamışdan əvvəl institutun professor – müəllim heyəti və məzunlar Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan heykəli önünə gül dəstələri qoyub, sonsuz ehtiramlarını bildiriblər.
Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən silsilə tədbirlərdən danışıb. Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dönəmində uğurlu təhsil siyasətindən və onun yaratdığı onlarla ali təhsil müəssələrindən biri olan Naxçıvan Müəllimlər İnstitutunun 23 illik fəaliyyətindəki uğurlarından, bu müddətdə instituta göstərilən dövlət qayğısından danışıb. Rektor qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətini günün tələbləri səviyyəsində qurması ölkəmizdə təhsil sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Rektor diqqətə çatdırıb ki, 20-ci məzun günündə Naxçıvan Müəllimlər İnstitutunun tarixinə qısa bir nəzər salsaq, hələ 2004-cü ildə İbtidai Təhsilin Pedaqogikası və metodikası ixtisasıni bitirən 27 tələbə məzun buraxılışı olmuşdur. Ondan sonra hər il Naxçıvan Müəllimlər İnstitutunun maddi texniki bazası, kadr potensialı artırılmış, burada yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılmışdır. Hazırda 1400-dən artıq tələbə kontingenti olan institutda 15 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr, 5 ixtisas üzrə doktorantura üzrə kadr hazırlığı aparılır və yeni tədris ilindən əlavə Korreksiyaedici təlim ixtisası üzrə də kadr hazırlığı aparılacaqdır. Həmçinin institutun nəzdində Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasının 2 istiqamət üzrə fəlsəfə doktorluğu müdafiə etmək üşün Dissertasiya Şurası da fəaliyyət göstərir. Rektor eyni zamanda vurğulayıb ki, Naxçıvan Müəllimlər İnstitutunun bu il 11 ixtisas üzrə 337 bakalavr, 4 ixtisas üzrə 39 magistr tələbəsi məzun olur.
İnstitutun gələcək perspektivlərindən danışan rektor Azad Novruzov bildirib ki, müəllim kadrlar hazırlayan təhsil müəssisəsi kimi bizim bugünkü məqsədimiz müasir kompetensiyalara cavab verə bilən, özünü hər sahədə mükəmməl səviyyədə doğrultmağı bacaran, əsl vətənpərvər şəxsiyyətlər formalaşdırmaqdır. Bu istiqamətdə institutumuzda təhsil alan və məzun olan hər bir tələbənin üzərinə böyük məsuliyyət düşür. Gənclər heç vaxt aldıqları biliklərlə kifayətlənməməli, yaradılmış ömürboyu təhsil imkanlarından geniş istifadə etməli, gələcək həyatlarını daha uğurlu qurmalı, Azərbaycanın yeni quruculuğunda fəal iştirak etməlidirlər.
Ali təhsil illərinin insan həyatının ən gözəl və unudulmaz dövrü olduğunu vurğulayan rektor əlamətdar ildə məzun olmaları münasibətilə tələbələri, onların valideynlərini təbrik edib, gələcəkdə onların yaxşı ixtisaslı kadr kimi əmək bazarında uğurlu olacaqlarına əminliyini bildirib, gələcək fəaliyyətləri üçün xoş arzularını dilə gətirib.
Sonra rektor bakalavr səviyyəsi üzrə ilk məzun olan ixtisaslarından birinin “İngilis dili müəllimliyi” ixtisası olduğunu vurğulayıb. Bu ixtisas üzrə ilk məzun buraxılışı Ümummilli lider Heydər Əliyevinin 100 illiyi ölkəmizdə təntənə ilə qeyd olunduğu-2023-cü ilə təsadüf edir. Rektor qeyd edib ki, bu münasibət ilə institutun “Xarici dillər və tədrisi metodikası” kafedrasının müəllimləri – Sevda Hacəliyeva, Bəyim Tarverdiyeva və “İngilis dilli müəllimliyi” ixtisasını bitirən məzunlarımız birlikdə “Heydər Əliyev ilinin məzunlarıyıq” adlı kitab – albom hazırlamışdırlar. Albomda Azərbaycan Respublikasında 2023 – cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı həm Azərbaycan dilində, həm də ingilis dilində verilmiş, həmçinin qeyd olunan ixtisasın məzunlarının hər birinin institut haqqında fikir və düşüncələri hər iki dildə öz əksini tapmışdır.
İnstitutun prorektoru Həbibə Allahverdiyeva, Elmi katib Qurban Qurbanlı və fakültə dekanları Samirə Həsənova və Rövşən Vəliyev, Tədris şöbəsinin müdiri Əhruz Mahmudova məzunları təbrik edib, onlara gələcək fəaliyyətləri ilə bağlı arzularını çatdırıblar. Çıxışlarda NMİ məzunlarının cəmiyyətimizə faydalı mütəxəssis və xalqımıza layiq vətəndaş olacaqlarına əminlik ifadə olunub.
Sonra Riyaziyyat və infortmatika müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Aysun Kərimova bütün məzunlar adından çıxış edərək onların təhsil almaları və hərtərəfli inkişafları üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, qeyd edib ki, bugün bizim həyatımızda unudulmaz günlərdən biridir. Çünki ali məktəb, peşə seçimi insan həyatının ən önəmli məqamıdır. Biz təhsil aldığımız müddətdə bütün istiqamətlərdə dövlətimizin qayğısını Naxçıvan Müəllimlər İnstitutu nümunəsində hiss etmişik. Aysun Kərimova çıxışının sonunda məzunlar adından Vətənə, millətə layiqli övlad olacaqlarına, daim onlara göstərilən etimadı doğruldacaqlarına söz verib.
Tədbirin bədii hissəsində institutun teatr studiyasının üzvləri və məzunların iştirakı ilə rəqslər nümayiş edilib, bir birindən gözəl musiqi nömrələri səsləndirilib, səhnəciklər təqdim edilib.
Məzun və tələbələr öz ifaları ilə tədbir iştirakçılarına xoş dəqiqələr bəxş ediblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
