Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

 

Ali təhsil müəssisəsinin ali idarəetmə orqanı olan Elmi Şuranın keçirilən genişləndirilmiş iclasında institutun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə və bölmə müdirləri, əməkdaş və tələbələrin təmsil olunduğu ictimai təşkilatların – Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin nümayəndələri, professor-müəllim heyəti, imtahan sessiyasının keçirilməsinə məsul olan şəxslər  və başqaları iştirak ediblər. İclası institun rektoru, Elmi Şuranın sədri Elbrus İsayev açaraq ölkəmizdə, təhsilə dövlət qayğısından, prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində son zamanlar imzaladığı fərman və sərəncamlardan,  muxtar respublikamızda ali təhsil və elm sahəsində görülmüş işlərdən ətraflı bəhs edib. Rektor qeyd etdi ki, ötən ilin may ayında Naxçıvan Müəllimlər İnstitutu üçün tikilib istifadəyə verilən möhtəşəm tədris kompleksinin açılışında ölkə prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbovun institutumuza daim diqqət və qayğı göstərməsi kollektivimizi səylə çalışmağa, rəqabətqabiliyyətli ixtisaslı kadr hazırlığı sahəsində səmərəli fəaliyyət göstərməyə, habelə ölkənin, o cümlədən muxtar respublikanın ictimai-mədəni həyatında fəal iştirak etməyə səfərbər etmişdir. Bunun nəticəsidir ki, institutun professor-müəllim və köməkçi heyətləri, habelə tələbə kollektivi tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr, ictimai-mədəni və kütləvi-idman və digər sahələrdə bir sıra uğurlar əldə etmişlər. Ötən dövr ərzində bir sıra struktur dəyişiklikləri edilmiş, ali təhsil müəssisəsi üçün bəzi zəruri bölmələr yaradılmış, institutun ölkədə nüfuzunun artması, beynəlxalq arenada tanıdılması, əcnəbi tələbələrin instituta cəlb edilməsi istiqamətində uğurlu addımlar atılmış, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının əhatə dairəsi genişləndirilmiş, növbəti tədris ili üçün bakalavriat səviyyəsində 3 yeni ixtisas üzrə tələbə qəbuluna hazırlıq işləri tamamlanmışdır. Görülmüş və görülməkdə olan olan işlərdən ətraflı bəhs edən rektor Elmi Şuranın genişləndirilmiş iclasının məqsədini və vəzifələrini açıqladı, iclasın gündəliyində olan məsələləri iştirakçıların diqqətinə çatdırdı. O, sadalananlar sırasında 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı məsələnin daha aktual olduğunu xüsusi vurğuladı.

Tədris ilinin ikinci yarımilinə aid semestr və dövlət imtahanlarının keçirilməsinə hazırlığın vəziyyəti haqqında prorektor dos. A.Novruzov ətraflı məlumat  verdi. O bildirdi ki, 2018-2019-cu tədris ilinin yaz semestrində institutda tədris mövcud dövlət sənədlərinin, əmr və təlimatların tələblərinə uyğun şəkildə təşkili  edilmişdir. Semestr başlamazdan öncə bütün fənlər üzrə sillabuslar (işçi tədris proqramları), dərs və məsləhət cədvəlləri tərtib və təsdiq edilmişdir. Kollokviumların vaxtında və təlimati tələblərə uyğun keçirilməsinə xüsusi fikir verilmişdir. Sərbəst işlərin qrafikə uyğun yerinə yetirilməsi və qəbul edilməsi kafedralar tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Tədrisin keyfiyyətini yüksəltmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. İmtahan  və kollokvium sualları vaxtında tələbələrə təqdim edilmişdir. Məsləhət saatlarının səmərəliliyinə diqqət artırılmışdır. Qeyd olundu ki, yaz semestrinin imtahan sessiyası iyun ayının  3-dən iyul ayının 1-dək davam edəcəkdir. İmtahan sessiyasında akademik qruplar üzrə 255 imtahanın keçirilməsi planlaşdırılır. Yekun Buraxılış Dövlət Attestasiyası  iyunun 10-dan iyunun 30-dək keçiriləcək. Bu tədbirlərin keçirilməsi üçün bütün tədris-təşkilatı işlər görülüb, imtahan sessiyasının bütövlükdə mütəşəkkil, şəffaf və obyektiv keçirilməsi üçün Operativ Qərargah və fakültələrdə  Apelyasiya Komissiyaları yaradılıb. İmtahan sessiyasının işində Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin fəal iştirak etməsi nəzərdə tutulub. Məsələ ətrafında fakültə dekanları dosent A.Ağalarov və dosent R.Vəliyev, tədris şöbəsinin müdiri Ə.Mahmudova, kafedra müdirlərindən professor A.İmanlı, professor Y.Məmmədov və Tələbə Gənclər Təşkilatının sədri A.Hüseynli çıxış etdilər. Onlar yaz semestrinin imtahan sessiyasının yüksək səviyyədə keçiriləcəyinə əminliklərini söylədilər, bir sıra fikir və təkliflərini bildirdilər. Məsələ barəsində geniş qərar qəbul edildi. İnstitutun aid struturları üçün konkret vəzifə və tapşırıqlar müəyyənləşdirildi.

İclasın gündəliyində ikinci məsələ institutda tədris ilinin yaz semestrində keçirilmiş pedaqoji təcrübələrin yekunları haqqında idi. Məsələ barəsində institutun pedaqoji təcrübə rəhbəri T.S.Əliyeva ətraflı məlumat verdi. O bildirdi ki, yaz semestrində mövcud tədris planlarına əsasən bakalavriat və mağistratura səviyyələrində pedaqoji və digər növ təcrübələr təlimati tələblərə uyğun keçirilmiş və yekunlaşdırılmışdır. Məsələ barəsində edilən çıxışlarda təcrübələrin yekunları müsbət qiymətləndirildi, müvafiq qərar qəbul edildi.

Elmi Şuranın iclasında elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, magistr dissertasiyaları və buraxılış işlərinin yekunlaşması vəziyyəti haqqında kafedra müdirlərinin hesabatları dinlənildi, müzakirələr aparıldı və uyğun qərarlar qəbul edildi.

İclasda elan üzrə müsabiqə məsələlərinə baxıldı. İnstitutun bir neçə qabaqcıl gənc müəllimləri baş müəllimliyə keçirildi. Bir sıra cari məsələlər üzrə uyğun qərarlar qəbul edildi. İclasın sonunda institutda səmərəli fəaliyyətinə görə və yubileyi münasibəti ilə Ə.İsmayılov institutun Fəxri fərmanı ilə təltif edildi və ona qiymətli hədiyyə bağışlandı.

İclas Elmi Şuranın sədri Elbrus İsayevin yekun çıxışı ilə başa çatdı.

 

NMİ-nin Mətbuat və İctimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN