Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq  01 iyun 2020-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə onlayn seminar keçirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov tədbiri giriş sözü ilə açaraq muxtar respublikamızda tələbə-gənclərin inkişafı üçün yaradılmış şəraitdən və həyata keçirilən tədbirlərdən danışmışdır. Hami təçkilatla birlikdə keçirilən bu seminarın görülmüş tədbirlərin məntiqi davamı olduğunu vurğulayaraq seminarın Təsviri incəsənət müəllimliyi ixtisası tələbələri üçün böyük əhəmiyyət daşıdığını və institutun Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ilə birgə əməkdaşlığının bu ixtisasda oxuyan tələbələr üçün geniş imkanlar açdığını qeyd etmişdir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva Naxçıvan Müəllimlər İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində Təsviri incəsənət müəllimliyi ixtisasında oxuyan tələbələrin aktiv fəaliyyətindən, istedadlı tələbələrin sərgilərinin təşkilindən, ustad dərslərin keçirilməsindən, Gənc Rəssamlar Birliyinin yaradılmasında NMİ-nin rəssam tələbələrinin rolundan ətraflı danışmışdır. Hami təşkilat olaraq tələbələrin peşəkarlıqlarının artırılmasında hər zaman olduğu kimi bundan sonra da böyük maraq və həvəslə çalışacaqlarını vurğulamışdır.

Seminarda NMİ-nin İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Capay Quliyev, Təbiət və İncəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və İncəsənət kafedrasının baş müəllimi Nizami Alıyev çıxış etmiş, təkliflərini irəli sürmüşlər. Onlayn seminar Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin sualları ilə diskussiya şəraitində davam etmişdir.