Muxtar respublikanın müəssisə və təşkilatlarının bir qrup arxiv əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunda 2 günlük ixtisasartırma təlimlərinə cəlb edilmişdir.

24 may 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin birgə təşkilatçılığı ilə muxtar respublikanın müəssisə və təşkilatlarının arxiv əməkdaşları üçün “Arxiv işinin təşkili və təkmilləşdirilməsi yolları” ixtisasartırma təliminə start verilmişdir. Kursun açılış tədbirini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov Naxçıvan Müəllimlər İnstitutunda bakalavr, magistr və doktorant hazırlığı ilə yanaşı ixtisasartırma və yenidənhazırlanma sahəsinin də daim diqqətdə saxlanıldığını vurğulamışdır. O qeyd etmişdir ki, institutda müxtəlif fənn müəllimləri, məktəb psixoloqları üçün ixtisasartırma kursları təşkil olunur. Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illərə dair dövlət proqramının müvafiq bəndlərinin icrasına uyğun olaraq təşkil olunmuş “Arxiv işinin təşkili və təkmilləşdirilməsi yolları” adlı ixtisasatırma təlimləri arxiv işçilərinin peşə biliklərinin artırılması üçün çox əhəmiyyətlidir.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov çıxış edərək muxtar respublikamızda arxiv işinin təşkili və təkmilləşdirilməsi istiqamətində göstərilən dövlət qayğısından danışmış və vurğulamışdır ki, arxiv işinin yeni tələblər əsasında qurulması və elektronlaşdırılması günün ən aktual məsələlərindəndir. Bu işin həyata keçirilməsi arxiv işçilərinin peşəkarlıq səviyyəsinin artırılması sayəsində mümkündür. Bu baxımdan təşkil olunmuş ixtisasatırma kursu təcrübə və bilik mübadiləsi rolunu oynayacaqdır.

Sonra arxiv əməkdaşları üçün nəzərdə tutulmuş “Dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaranan sənədlərin dəyərinin ekspertizadan keçirilməsi və iş nomenklaturasının hazırlanmasına dair” metodik tövsiyyələri özündə əks etdirən kitabça paylanılmışdır.

Proqrama uyğun olaraq Naxçıvan Şəhər Dövlət Arxivinin müdiri Əbülfəz Məhərrəmov “Arxiv qanunvericiliyi və arxiv işinə aid normativ  sənədlər” və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin  Komplektləşdirmə, idarə arxivlərinin yaradılması və kargüzarlıq üzrə baş məsləhətçi Cəfər Məmmədhəsənov “İdarə, müəssisə və təşkilatlarda arxiv işinin təşkili, sənədlərin sistemləş-dirilməsi, komplektləşdirilməsi, uçotu və mühafizəsi” mövzularında dərsləri dinlənilmiş, müdavimləri maraqlandıran suallar cavablandırılmışdır.

İxtisasartırma təlimləri 24-25 may tarixlərini əhatə etməklə iki gün davam etməsi planlaşdırılmışdır.

 

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN