Naxçıvan Müəllimlər İnstitutunda  doktorant və magistrantların I Regional elmi konfransı keçirilmişdir

 

“Təhsil-tədqiqat-innovasiya” devizi altında keçirilən bu elmi-təşkilati tədbiri institutun rektoru Elbrus İsayev açdı. O, tədbirin mahiyyəti, məqsəd və vəzifələri haqqında ətraflı məlumat verərək qeyd etdi ki, bütün dünyada elm və təhsilin sürətlə inkişaf etdiyi hazırkı dövrdə ölkəmizdə  bu sahələrdə geniş islahatlar həyata keçirilməkdədir.

Respublikamızda ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, yeni inkişaf mərhələsində ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, onlarda rəqabətqabiliyyətli mütəxəssis hazırlığının təmin olunması və digər prioritet vəzifələrin uğurla reallaşdırılması üçün görülən işlər sırasında müxtəlif elmi tədbirlərin keçirilməsi mühüm yer tutmaqdadır. Bu gün reallaşdırılan hər bir tədbirin nəticəyönümlü olması, onun  məzmun  və forma yeniliyi xüsusi əhəmiyyət kəsb edir. Hazırkı elmi tədbirin əsas təşkilatçılarından olan İnnovasiya laboratoriyası (İnnoLab)  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə institutumuzda bu yaxınlarda yaradılıb. Bu laboratoriyanın yaradılmasında əsas məqsəd təkcə startap hərəkatı ilə bağlı deyil, bütövlükdə tələbə və müəllimlərin innovativ təklif, işləmə, layihə və elmi tədqiqat nəticələrinin dəyərləndirilməsi, qeydə alınması  və operativ tətbiqə yönəldilməsi istiqamətindəki fəalityyətləri koordinasiya etməkdən ibarətdir.  İnnovasiya laboratoriyası Naxçıvan Müəllimlər İnstitutunda təhsil-tədqiqat-innovasiya formatında fəaliyyətin koordinasiyası ilə yanaşı, bütövlükdə muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil və elm müəssisələrində gənc tədqiqatçıların – doktorant və magistrantların elmi-tədqiqat fəaliyyəti nəticələrinin müzakirələrinin təşkili və onların təqdim edilməsi sahəsində əməli işlərin görülməsini hədəfləyir. Müasir ali təhsil sistemində aparıcı istiqamət sayılan təhsil-tədqiqat-innovasiya formatı üzrə muxtar respublikada hər il elmi doktorant və magistrantların elmi konfransların və digər elmi-təşkilatı tədbirlərin keçirilməsi ənənəsini qoyur.

Rektor əlavə etdi ki, əsas strateji inkişaf hədəfi dövlət sənədlərində nəzərdə tutulan “tədqiqat universiteti”nə çevrilmək olan Naxçıvan Müəllimlər İnstitutunda hazırda kompleks tədbirlər həyata keçirilir. Cari tədris ilinin ikinci semestrində bu istiqamətdə bir sıra işlər görülmüşdür. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq muxtar respublikada ilk dəfə “Elm aylığı” keçirilmişdir. Əsas məqsədi gələcəyin alimlərinin yetişdirildiyi müəssisə və təşkilatlarda elmi fəaliyyətə layiq olduğu qiymətin verilməsi və onun populyarlaşdırılması olan silsilə tədbirlər uğurla keçirilmişdir. Çox təqdirəlayiq haldır ki, aylığın ilk tədbiri “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirə olmuşdur. Naxçıvan Müəllimlər İnstitutunda çalışan gənc doktorantlar, habelə təhsil alan magistrant və tələbələrin iştirakı ilə “İşçilərin innovasiya təşəbbüskarlığının dəstəklənməsi və elmi nailiyyətlərin təqdim və tətbiq olunması” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda muxtar respublika elmi-praktik konfransı keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışan AMEA-nın həqiqi və müxbir üzvləri ilə görüş təşkil edilmişdir. May ayının əvvəllərində institutun Tələbə Elmi Cəmiyyətinin illik yekun konfransı öz işini uğurla başa vurmuşdur. Ölkəmizin ayrı-ayrı görkəmli elm və ictimai xadimlərin yubuley tədbirləri keçirilmiş və ya keçirilməkdədir. Bu və digər elmi-təşkilati tədbirlərin təşkil edilməsi məhz gənc tədqiqatçıların səmərəli formalaşmasına hesablanmışdır. Rektor bugünkü tədbirin əhəmiyyətini xüsusilə vurğuladı. O, konfransın işində muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələri və elmi təşkilatlardan 70-ə qədər gənc tədqiqatçının iştirak etdiyini bildirdi. “Təhsil-tədqiqat-innovasiya” devizi altında muxtar respublikadakı gənc tədqiqatçıların konfranslarının müntəzəm keçirilməsinə və materialların nəşr edilməsinə Naxçıvan Müəllimlər İnstitutunun hazır olduğunu bildirdi Çıxışının sonunda konfransın işinə uğurlar arzuladığını ifadə etdi.

Konfransın plenar iclasında 5 məruzə dinlənildi. Naxçıvan Müəllimlər İnstitutunun İnnovasiya laboratoriyası (InnoLab) üzrə məsul şəxs, Ali riyaziyyat və informatika kafedrasının baş müəllimi, doktorant Səminə Rüstəmova “Tədris və tədqiqatlarda virtual laboratoriyaların tətbiqi imkanları”, AMEA Naxçıvan Bölməsinin doktorantı Səkinə Vəliyeva “Dərman bitkilərinin baytarlıq təbabətində tətbiqinə dair”, Naxçıvan Müəllimlər İnstitutunun doktorantı Aygün Əsgərova “Müasir dövrdə ingilis dili dərslərində tətbiq olunan innovativ metodlar”, Naxçıvan Dövlət Universitetinin magistrantı Təbəssüm Hacıyeva “Kiber hücumlar”, Naxçıvan Müəllimlər İnstitutunun magistrantı Nigar Səfərova “Pedaqoj fikir tarixində qədim yazılarımızın yeri və rolu” mövzularında məruzələrlə çıxış etdilər.

Plenar iclasın sonunda institutun Tələbə Elmi Cəmiyyətinin XIX konfransında təqdim etdikləri məruzələrə görə yer tutmuş tələbələrin mükafatlandırılması tədbiri oldu. Qeyd edək ki, qalib tələbə-tədqiqatçıların doktorant və magistrantların I Regional elmi konfransına dəvət edilməsi və orada mükafatlandırılması onların gələcək elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Konfrans sonra işini 4 bölmədə davam etdirdi. Ümumpedaqoji problemlər, Tərbiyəşünaslıq  problemləri, Təhsilin psixoloji məsələləri və Ümumi fənlər adlanan bölmələrdə gənc doktorant və magistrantların aktual mövzulara həsr edilmiş məruzələri dinlənildi. Bölmə iclasları mütəşəkkil və diskussiya şəraitində keçdi. Məruzələrin elekton təqdimatına üstünlük verildi.

Sonda konfransın yekun iclası toplandı. Bölmə rəhbərləri hesabat verdilər. Qərara alındı ki, konfrans materialları toplu şəklində nəşr edilsin. Konfransın bütün məruzəçilərinə rəsmi iştirak vərəqələri verildi. Bununla da doktorant və magistrantların I Regional elmi konfransı öz işini uğurla başa vurdu.

 

NMİ-nin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

 

 

Author

Azərbaycan dili AZ English EN