Naxçıvan  Müəllimlər İnstitutunda  növbəti seminar məktəbəqədər tərbiyə müəssisələri ilə birlikdə keçirilmişdir.

 

15.05.2019- cu il tarixində Naxçıvan Müəllimlər İnstitutunda  Naxçıvan şəhər  İcra hakimiyyəti ilə birlikdə Məktəbəqədər tərbiyə müəssisələrində“ Kurikulumların tətbiqinin məqsəd və vəzifələri “ mövzusunda seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Azad Novruzov açaraq qeyd etdi ki, Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsidir. Bu pillə fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən zəruri fəaliyyət sahəsidir. Muxtar Respublikamızda bu sahə daima diqqətdə saxlanılır və məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirilir. Prerektor qeyd  etmişdir  ki, Naxçıvan Müəllimlər İnstitutu Muxtar respublikada  Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə kadr hazırlığı aparan yeganə ali təhsil müəssisəsi kimi yaradılmış yüksək imkanlardan istifadə edərək öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır.

Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür və qrup şəraitində böyüklər və yaşıdları ilə hərtərəfli ünsiyyət qurmaq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə edir. Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət- ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir. Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri ondan ibarətdir ki, onların nailiyyətləri bilik, bacarıq və vərdişlərin konkret sayı ilə deyil, şəxsi keyfiyyətləri, o cümlədən uşağın məktəbə psixoloji hazırlığını təmin edən səriştələri ilə müəyyənləşir. Yeni məzmuna görə məktəbəqədər müəssisələrdə köhnə təlim modelindən imtina zəruridir. Standartlar pedaqoji prosesdə tərbiyəçi müəllimlərdən yeni iş formalarına müraciət etməyi tələb edir. Bu mənada bu cür seminarların,dəyirmi masaların və ixtisasartırma kurslarının təşkili günün vacib tələbidir. Naxçıvan Müəllimlər İnstitutunda bu işi həyata keçirmək üçün xeyli imkanlar var. Biz bu imkanlardan istifadə etməklə məktəbəqədər müəssisələrdə təhsilin keyfiyyətini artırmaq bir vəzifə kimi bizlərin üzərinə düşür.

Naxçıvan Şəhər İcra Başçısının müavini Təhminə Mustafayeva çıxış edərək  Naxçıvan  Muxtar Respublikasının Naxçıvan şəhərində məktbəqədər tərbiyə müəssisələrində yaradılmış şəraitdən və dövlətimizin  bu sahəyə olan gündəlik qayğısından danışmışdır. Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun  müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva “Məktəbəqədər qruplarında təlim strategiyaları” mövzusunda, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Tamara Baxşəliyeva “ Uşaq inkişafının izlənilməsi. Dəyərləndirmə və qiymətləndirmənin metod və vasitələri”  mövzusunda, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Solmaz Cabbarova  “ Məktəbəqədər təhsil müəssisələrinin valideyinlərlə birgə işinin əhəmiyyəti” mövzusunda çıxışlar etmişlər.

 

Author

Azərbaycan dili AZ English EN