“Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib
08.05.2023-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamış, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışmış, təhsil və elmin inkişafı sahəsində apardığı məqsədyönlü işləri qeyd etmişdir. Tədbir Ümummilli liderin həyat yolundan bəhs edən video çarxın nümayişi ilə davam etmişdir. İnstitutun tələbələrinin ifasında Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən şeir və mahnılar səsləndirilmişdir.