Respublika elmi konfransı keçirilmişdir

Hər il olduğu kimi, ənənəvi olaraq bu il də 08 may 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının  95-ci ildönümünə həsr edilmiş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda   Respublika konfransı keçirilmişdir.

Konfransın plenar iclasını giriş sözü ilə İnstitutun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Oruc Həsənli açaraq   qeyd etmişdir ki, tarixdə şəxsiyyətlər həmişə öz xalqlarının həyatında və taleyində  mühüm rola malik olmuşlar. Görkəmli şəxsiyyəti, lideri, yaxud dövlət xadimi olmayan xalq, məmləkət, region inkişaf edə bilməz. Şəxsiyyətlərin və dövlət xadimlərinin cəmiyyətdə qoyduğu iz, keçdiyi və yaşadığı şərəfli ömür yolu yeni nəsillər üçün örnək və əsl nümunə olmuşdur. Belə şəxsiyyətlərdən biri də bu gün anadan olmasının 95 illiyini böyük şərəflə  qeyd etməyə yığışdığımız ümummilli liderimiz Heydər Əliyevdir. O, Naxçıvanın və naxçıvanlıların 90-cı illərdəki həyatında sarsılmaz iradə nümayiş etdirmiş, o cümlədən doğma Azərbaycanımızın bütövlüyünün qorunub saxlanılmasında və inkişaf etdirilməsində böyük şəxsiyyət kimi mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyev hələ 1990-1993-cü illərdə Naxçıvanı mənfur düşməndən qorumaq üçün taleyüklü qərarlar qəbul etdi, İran və Türkiyə Respublikaları ilə danışıqlar apararaq insanlarl aclıq məngənəsindən qurtardı,  bölgənin bügünkü yaşamını və inkişafını təmin etdi. Onun Muxtar Respublika Ali Məclisinin Sədri kimi xalqın taleyüklü məsələlərini böyük cəsarətlə həll etməsi, insanları aclıq məngənəsindən qurtarmaq üçün gördüyü tədbirlər, “Ümid” körpüsünün açılması ilə Naxçıvanı blokadadan qurtarması xalqda bu böyük insana qarşı böyük inam və ümidləri daha da artırmışdır.

Ulu Öndər o dövrün keşməkeşli illərində “Qars” müqaviləsini gündəmə gətirərək bir daha Naxçıvanın əzəli Azərbaycan torpaqları olduğunu dünya dövlətlərinə bəyan etdi.

Bu gün Naxçıvan bölgəsi iqtisadi və quruculuq sahəsində Azərbaycanın öndə gedən bölgələrindən biridir. Bu ondan irəli gəlir ki, Ulu Öndərin siyasi kursu onun inanılmış davamçıları tərəfindən  böyük cəsarətlə və inamla davam və inkişaf etdirilir.

İnstitutumuzda təhsil və tərbiyə  alan bugünkü sağlam ruhlu gəncliyimiz  Heydər Əliyev ideyalarının işığında sabaha böyük inamla addımlayır və bu inkişaf insanların rifah halının daha da yaxşılaşmasına xidmət edir.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun  Dillər və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov  “Doğma dilimizi sevən və sevdirən şəxsiyyət”, Naxçıvan ş. Akademik M.C.Cəfərov adina 14 saylı tam orta məktəbin direktoru Gülşən Ağayeva “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”,  Naxçıvan Müəllimlər İnstitutu, Pedaqoji fakültə dekanı, pedaqoji elmlər vüzrə fəlsəfə doktoru, dosent Azad Novruzov  “Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi problemlərinin təsnifatı” və Culfa rayonu, Saltaq kənd tam orta məktəbinin müəllimi Arif Nuriyev Azərbaycan dilinin fikri ifadə imkanları” mövzularında məruzələri  dinlənilmişdir.

Plenar iclasdan sonra konfrans öz işini dörd  bölmədə davam etdirmişdir.  “Heydər Əliyev və müasir təhsil” üzrə I bölmədə 12,  “Yeni pedaqoji texnologiyalarda pedaqogika və psixologiyanın rolu” üzrə II bölmədə 10,  “Təhsilin müsir tələbləri və tərbiyə məsələləri” üzrə III bölmədə 14,  “Fənlərin tədrisi texnologiyaları” üzrə 13 mövzu olmaqla 49 nəfərin çıxışları dinlənilərək müzakirə edilmişdir.

Bölmə iclaslarında müəllimlərə yeni təhsil islahatının qarşıya qoyduğu problemlərin həlli yolları ılə bağlı elektron sənədlər də təqdim olundu. Ümumiyyətlə istər plenar, istərsə də bölmə iclasları canlı və maraqlı keçdi.

Sonda  İnstitutun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Oruc Həsənli konfransın işinə yekun vurmuşdur.

                       Naxçıvan Müəllimlər İnstitutunun

                                         Mətbuat xidməti   

Author

Azərbaycan dili AZ English EN