Naxçıvan Müəllimlər İnstitutunda  “Ziyası böyük olan kiçik kitablar” adlı Miniatür kitablardan ibarət sərgi-guşənin təqdimatı olmuşdur

 

Təqdimat mərasimini giriş sözü ilə açan İnstitutun rektoru Elbrus İsayev  tədbiri Naxçıvan Muxtar Respublikasında son dövrlərdə geniş vüsət almış kitab maarifçiliyinin davamı kimi qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, son illərdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  yüksək diqqət və qayğısı ilə kitabxanalar yenidən qurulmuş, kitab fondlarına milyonlarla yeni kitablar əlavə edilmişdir. O cümlədən Naxçıvan Müəllimlər İnstitutunun kitabxana fondunun günü gündən zəruri ədəbiyyatlarla zənginləşdirilməsi də bu məqsədyönlü siyasətin tərkib hissəsidir. Mütaliəyə marağın artırılması, gənclərdə oxu mədəniyyətinin inkişaf etdirilməsi isə təhsil müəssisələrinin qarşısında duran zəruri vəzifələrdəndir. Bu baxımdan ilk dəfə olaraq Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanası əsasında “Miniatür kitab” guşəsinin yaradılmasının mühüm əhəmiyyəti vardır.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyini sədri Asim Yadigar tədbirdə çıxış edərək miniatür kitab nəşrinin tarixinə toxunmuş və yeni yaradılmış guşənin gələcəkdə zənginləşməsində Naxçıvan yazıçılarının əsərlərinin  də payının olacağını bildirmişdir. Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva miniatür kitablarını həcm və məna baxımından eyni zamanda incəsənət əsəri kimi qiymətləndirirərək Azərbaycanda bu kitab növünün inkişaf tarixindən danışmış, özünün müəllifi olduğu miniatür kitabın yaxın günlərdə yeni yaradılmış guşəyə təqdim edəcəyini bildirmişdir. Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya elmləri doktoru Akif İmanlı şəxsi kitabxanasından yeni yaradılmış guşəyə miniatür kitab hədiyyə etmiş və bildirmişdir ki, bu təşəbbüs Naxçıvan Müəllimlər İnstitutunun kitabxanaçılıq və informasiya ixtisasında təhsil alan tələbələr üçün həm də tədris bazası rolunu oynayacaqdır. İnstitutun müəlliməsi Ruhəngiz Əliyeva miniatür kitab kolleksiyasında təqdim olunan kitablar haqqında geniş məlumat verdi.

Kitab sərgisində Ümummilli lider Heydər Əliyevin müdrik siyasətini  əks etdirən miniatür kitablar, Naxçıvanlı şair və rəssamların yaradıcılığına həsr edilmiş nümunələr tədbir iştirakçılarının  diqqətinə çatdırılmışdır.

NMİ-nin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN