Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin XIX Konfransı keçirilmişdir

 

Gənc tədqiqatçı tələbələrin bu vacib elmi-təşkilatı tədbirini institutun rektoru Elbrus İsayev açdı. O bildirdi ki, ölkəmizdə ali təhsilin beynəlxalq rəqabət qabiliyyətliliyini təmin etmək üçün ölkə Prezidenti İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi haqqında Sərəncamı və digər dövlət sənədləri mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər sırasında tələbələrin sistemli elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi xüsusi yer tutur.

Naxçıvan Muxtar Respublikasında son illərdə ali təhsilin davamlı inkişafını təmin edən sərəncamların, o cümlədən Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında”  03 aprel 2019-cu il tarixli Sərəncamının qəbul edilməsi, ən müasir təhsil infrastrukturunun təmin edilməsi,  yüksək ixtisaslı kadr hazırlığını hədəfləyən dövlət proqramlarının və layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına imkan yaradır.

Rektor çıxışına davam edərək bildirdi ki, müasir ali məktəbdə yüksək ixtisaslı, rəqabət qabiliyyətli kadr hazırlğında tədris, tədqiqat  və  innovasiyaların vəhdəti prinsipi əsas götürülür. Ali təhsilə aid uyğun dövlət sənədlərində bugünün tələbəsi – sabahın mütəxəssisinə hazır biliklərin mənimsədilməsinə və təqdim olunmasına əsaslanan təlim texnologiyaları artıq rasional hesab olunmur. Belə bir tələb qoyulur ki,  ali təhsilin təşkilində mütəxəssislərin yaradıcılıq qabiliyyətinin yüksəldilməsi və intellektual səviyyəsinin formalaşdırılmasına yönəldən təhsil texnologiyalarından istifadə edilməlidir. Elmi-pedaqoji kadrların apardıqları tədqiqat işləri tədris prosesinə maksimum yaxınlaşdırılmalı, təhsilin ilk günlərindən tələbələrə elmi-tədqiqatçılıq vərdişləri aşılanmalı, tələbələrin elmi tədqiqatlarda real iştirakı təmin edilməli, onlar innovasiya fəaliyyətinə cəlb edilməlidir. Elə etmək lazımdır ki, hər bir məzun elmi layihə, məruzə və tezislər hazırlamaq, elmi tədbirlərdə  çıxış etmək və diskussiya aparmaq bacarığına malik olsun.

Rektor bildirdi ki, bu il muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Müəllimlər İnstitutuda “Elm aylığı”ı planlaşdırılmış və  uğurla keçirilmişdir. Çox təqdirəlayiq haldır ki, aylığın ilk tədbiri “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirə olmuşdur. Bu tədbir institutun TEC üzvlərinin – sabahın alimləri üçün təşkil edilmiş və onların fəal iştirakı ilə keçirilmişdir. Aylıq çərçivəsində institutda çalışan gənc doktorantlar, təhsil alan magistrant və tələbələrin fəal iştirakı ilə “Ali məktəbdə gənclərin innovasiya təşəbbüskarlığının dəstəklənməsi və elmi nailiyyətlərin təqdim və tətbiq olunması” mövzusunda dəyirmi masa keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışan AMEA-nın həqiqi və müxbir üzvləri ilə görüş sabahın alimlərində maraqlı və unudulmaz təəssüratlar doğurmuşdur. Bu yaxınlarda institutda tələbələr üçün innovasiya mühitinin təşkil edilməsi və innovativ təkliflərinin həyata keçirilməsini təmin etmək məqsədilə İnnovasiya Laboratoriyası (InnoLab) yaradılmışdır. “Tədris, tədqiqat  və  innovasiya” devizi altında Magistrant və gənc doktorantların I Regional Elmi Konfransına son hazırlıq işləri görülməkdədir.

Rektor qeyd etdi ki, institutda tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini yerinə yetirən Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti institut rəhbərliyinin daim nəzarəti və qayğısı altında olmuşdur. O, bu sahədə görülmüş işlərdən də ətraflı bəhs etdi, tələbələrin konfransına öz işində uğurlar dilədi, elmi rəhbərlərə və bu sahədə əməyi olan hər kəsə təşəkkür etdi.

Konfransın plenar iclasında Naxçıvan Müəllimlər İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı “Tələbə elmi-tədqiqat işləri “Tədris, tədqiqat, innovasiya” aspektində: mövcud vəziyyət və qarşıda duran vəzifələr” və institutun Tələbə Elmi Cəmiyyətinin sədri, İbtidai sinif müəllimliyi ixtisası üzrə III kurs tələbəsi, Məhəmməd Tağı Sidqi adına taqaüdçü  Fatimə Həsənova “Tələbə Elmi Cəmiyyətinin 2018/2019-cu tədris ilində fəaliyyəti: yekunlar və perspektivlər” mövzusunda çıxış etdilər.

Çıxışlarda bildirildi ki, aprel ayında kafedraların təqdimatı əsasında fakültələrdə cari tədris ilində tələbələrin yerinə yetirdikləri elmi-tədqiqat işlərinin müzakirəsinə həsr olunmuş fakültə elmi konfransları keçirilmiş, ən yaxşı işlərin ümuminstitut turuna seçimi həyata keçirilmişdir. Qeyd olundu ki, tələbələrin elmi-tədqiqat işləri sahəsində əvvəlki illərlərlə müqayisədə kəmiyyət və keyfiyyət göstəricilərində xeyli irəliləyişlər müşahidə edilməkdədir. Ümuminstitut  turuna ən yaxşı 85 iş buraxılmışdır.

Konfransın bölmə iclalasları 9 bölmədə təşkil edilmişdi. İnstitutun profilinə uyğun olaraq yaradılmış Ümumpedaqoji problemlər, Tərbiyənin pedaqoji-psixoloji məsələləri, Ali riyaziyyat və informatika, Riyaziyyat və onun tədrisi metodikası, Azərbaycan dili və onun tədrisi metodokası, Ümumfiloloji məsələlər, Xarici dillər və onların tədrisi metodikası, Təbiət elmləri və Ümumi fənlər adlı bölmələrin iclaslarına institutun tanınmış alimləri ilə yanaşı gənc tədqiqatçı tələbələr – adlı təqaüdçülər, institut və fakültə TEC-lərinin sədrləri, magistrant və gənc doktorantlar həmsədrlik etmişlər. Bu yenilik bir tərəfdən məruzəçi tələbələrin təqdimatları zamanı zəruri psixoloji mühitin yaradılmasına, digər tərəfdən isə qabaqcıl gənc tədqiqatçılarda rəyləndirmə və qiymətləndirmə bacarıqlarının formalaşdırılmasına hesablanmışdır.

 

Sonda konfransın yekun iclası toplandı. Bölmə rəhbərləri, həmsədrlik edən tələbələr uyğun bölmələrin işinin yekunlarına dair məlumat verdilər. Bildirildi ki, bütün bölmələrdə iclaslar mütəşəkkil və diskussiya şəraitində keçirilib. Hər bölmədə ən yaxşı işlər I, II və III yerlərə, aktuallığı, işlənmə dərəcəsi və təqdimatı ilə seçilən digər işlərdən bəziləri həvəsləndirici mükafarlara layiq görülüb. Qaliblər elan edildi. Onların mükafatlandırılmasının müəllim və tələbələrin geniş iclasında həyata keçirilməsi qərara alındı. İclasda o da  qərara alındı ki, ən yaxşı işlər institutun Elmi Xəbərlər jurnalında, habelə Magistrant və doktorantların I Regional Konfransının materiallarında çapa tövsiyə edilsinlər. Bununla Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin XIX Konfransı öz işini uğurla başa vurdu.

                                             NMİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN