Çinar Hacıyevin “Psixoloqun miniatür rəngləri” adlı fərdi rəsm sərgisi təşkil olunub.

“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə IV kurs tələbəsi Çinar Hacıyevin “Psixoloqun miniatür rəngləri” adlı fərdi rəsm sərgisi təşkil olunub
Sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov muxtar respublikada gənclərə göstərilən böyük diqqət və qayğıdan danışaraq qeyd edib ki, tələbələrimizin İnstitutumuzu muxtar respublikada, ölkəmizdə və ölkə hüdudlarından kənarda uğurla təmsil etmələri, bu sahədə böyük uğur və nailiyyətlər qazanmaları bu sənətə göstərilən dövlət qayğısının nəticəsidir. Rektor vurğulayıb ki, ötən dövr ərzində təsviri-incəsənət sahəsində istər “Təsvir incəsənət müəllimliyi” ixtisası üzrə, istərsə də digər ixtisaslarda təhsil alan tələbələrimizin xeyli uğurları olmuşdur. Onlardan psixologiya ixtisasında təhsil alan Çinar Hacıyevin də rəssamlığa maraq göstərməsi çox sevindirici haldır. Bu digər tələbələrə də daha həvəslə çalışmaları üçün stimuldur.
Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev, İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamları Əli Səfərov və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı Cavid İsmayilov çıxış edərək istedadlı tələbələrdən biri olan Çinar Hacıyevin çəkdiyi rəsmlər haqqında məlumat verib, öz fikirlərini bildiriblər. Qeyd olunub ki, onun yaratdığı əsərlərdə Azərbaycan miniatür sənətinin ənənələri əsasında daha çox vətənpərvərlik mövzusu üstünlük təşkil edir.
Sonra fərdi sərginin müəllifi Çinar Hacıyev çıxış edərək onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, sərgisinin təşkili üçün institut rəhbərliyinə, tədbirdə iştirak edən qonaqlara təşəkkür edib.
Sonda Çinar Hacıyevin rəsm əsərlərinə baxış keçirilib. Sərgidə 20-dən artıq əsər nümayiş olunub. Sərgi ilə tanış olanlar rəsm əsərlərini yüksək qiymətləndiriblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN