Naxçıvan Müəllimlər İnstitutunda kurikulum islahatlarının yekununa həsr olunmuş ilk  elmi-praktik konfransa yekun vurulmuşdur

Bu ali təhsil ocağında  “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” adlı elmi-praktik konfrans 5 aprel tarixində öz işinə başlamış və bu gün bölmələrdə işini davam etdirmişdir. Aktuallıq və əhəmiyyətini, habelə əhatə dairəsinin genişliyini nəzərə alaraq bu elmi tədbirin yeddi bölmədə keçirilməsi əvvəlcədən planlaşdırılmışdı. Naxçıvan Müəllimlər İnstitutun professor-müəllim heyətinin əksər üzvləri və mütəxəssisləri, habelə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin nümayəndələri və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərin müəllimləri uyğun bölmələrdə öz məruzələri ilə çıxışlar etdilər. “Ümumi təhsildə kurikulum islahatlarının konseptual məsələləri”, “Şəxsiyyətyönümlü kurikulumların tətbiqi”, “Kurikulum islahatlarında qiymətləndirmə məsələləri”, “Müasir təlim metodları”, “Təbiət fənləri və müasir təlim texnologiyaları” və “Humanitar fənlər və müasir təlim texnologiyaları” adlanan bölmə iclaslarında yüzdən artıq məruzələr dinlənildi. Bütün bölmələrdə problemin ən müxtəlif aspektlərinə həsr olunmuş bir çox məruzə və materiallar konfrans iştirakçılarının dərin marağına səbəb oldu. Bölmə iclaslarında edilən məruzələr elektron lövhə və digər İKT vasitələrinin geniş tətbiqi ilə təqdim edildi. Ümumi təhsildə kurikulum islahatlarından gözləntilər, əldə olunan nəticələr, real vəziyyət və perspektivlərin müəyyənləşdirilməsi üçün işgüzar müzakirələr keçirildi, canlı diskussiyalar oldu, suallar cavablandırıldı, elmi nəticə və tövsiyələr işlənib hazırlandı.

Bölmə iclaslarından sonra konfransın yekun iclası keçirildi. İclası institutun rektoru Elbrus İsayev açaraq 2 günlük elmi tədbirin gedişi və əhəmiyyəti haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, bu konfransı təhsilimizdə reallaşdırılan onbirillik kurikulum islahatlarının nəticələrini ölkə miqyasında müasir elmin tələbləri səviyyəsində təhlilə cəlb edən ilk elmi-əməli cəhd kimi qiymətləndirmək olar. Konfranda ortaya qoyulan elmi mülahizələr və verilən təklif və tövsiyələr gələcək elmi araşdırmalar və ümumiləşdirmələr üçün ilkin mənbə rolunu oynaya bilər. Rektor belə bir ümidini ifadə etdi ki, ölkəmizdə builki tələbə qəbulu kampaniyası məhz kurikulum islahatları ilə bağlı yeni qaydaların tətbiqi əsasında aparıldıqdan və  nəticələr əldə edildikdən sonra bu konfransın materialları probleminin sonrakı geniş və hərtərəfli müzakirələrinin aparılmasına elmi-əməli köməklik göstərəcəkdir. Konfransda səsləndirilmiş belə bir fikrə tərəfdar olduğunu söylədi ki, kurikulum islahatlarına həsr olunan elmi tədbirlərin hər il keçirilməsi ölkəmizdə təhsilin inkişafına öz töhfəsini verə bilər.

Yekun iclasda bölmə rəhbərləri görülmüş işlərə dair hesabat verdilər. Aid bölmələrin hazırladıqları elmi mülahizə, təklif və tövsiyələri səsləndirdilər. Konfrans mareriallarının nəşr olunması qərarlaşdırıldı. Bölmə rəhbərlərinin konfrans iştirakçıları adından səsləndirdikləri təkliflər ümumiləşdirilərək konfransın ümumi müddəaları sistemli şəkildə elan edildi.

Sonda İnstitutun rektoru tərəfindən konfransada iştirak  və məruzələrlə çıxış etmiş şəxslərə sertifikatlar təqdim edildi. Bununla da  2 günlük elmi-praktik konfrans öz işini uğurla başa vurdu.

 

 NMİ-nin Mətbuat və İctimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN