Naxçıvan Müəllimlər İnstitutunda toxunulmuş “Xarı bülbül” təsvirli xalçanın təqdimatı keçirilib.

Bugün Naxçıvan Müəllimlər İnstitutunda üzərində İkinci Qarabağ müharibəsinin qələbə simvolu olan “Xarı bülbül” təsvirli 0,40 x 0,60 m. ölçülü xalçanın təqdimatı keçirilmişdir.

Təqdimatda institutun rektoru Azad Novruzov çıxış edərək milli-mədəni sərvətlərimiz içərisində xalçalar və xalça sənətinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanda xalçaçılıq sənəti qədim köklərə malikdir. Xalçalar tarixən Azərbaycan xalqının məişətinin və toxuculuq mədəniyyətinin bariz nümunələrindən olmuşdur. Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümunəsidir.

Rektor bildirmişdir ki, xalçaçılıq ənənələrinin bərpası, xalçaçılığın inkişafı ilə bağlı dövlətimiz tərəfindən bir sıra mühüm addımlar atılmış, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkədə xalçaçılıq ənənələrinin bərpası, xalçaçılığın inkişafı ilə bağlı müvafiq tədbirlər nəzərdə tutulmuş və həmin tədbirlər həyata keçirilməkdədir. Dövlət Proqramında qeyd olunduğu kimi “xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin Vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

Muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi məqsədilə bir sıra ciddi addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin proqramın icrası istiqamətində Azərbaycan xalçalarının təbliği, təşviqi, tədqiqi istiqamətində ali təhsil müəssələrinin də üzərinə mühüm vəzifələr düşür. Həmin vəzifələrin Naxçıvan Müəllimlər İnstitutunda yerinə yetirilməsi istiqamətində və məqsədilə “Təsviri incəsənət müəllimliyi” ixtisasının tədris planına uyğun fənlər salınmış və hazırda tədris olunmaqdadır. Tələbələri əllə xalça toxumaq sənətinin sirləri ilə tanış etmək və praktik dərsləri keçmək məqsədilə emalatxana yaradılmışdır. Bunlarla yanaşı institutda uyğun dərnək də fəaliyyət göstərməkdədir.

Sonda rektor bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunda xalçaçılıq sənəti ilə bağlı işlər davam etdiriləcək, tələbələrin bu işlərə cəlbi diqqətdə saxlanılacaqdır.