Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji və ixtisas təcrübəsinin başlanğıc konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq Təsviri incəsənət müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının pedaqoji təcrübəsinin, Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının isə ixtisas təcrübəsinin başlanğıc konfransı keçirilib.

Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.

İnstitutun prorektoru Çapay Quliyev konfransı açaraq qeyd edib ki, ixtisaslar üzrə tədris planına uyğun olaraq Təsviri incəsənət müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət ixtisası tələbələri Naxçıvan şəhərində yerləşən orta ümumtəhsil məktəblərində 6 həftə olmaqla pedaqoji təcrübə, Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının tələbələri isə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasında 7 həftə olmaqla ixtisas təcrübəsi keçəcəklər. Ümumilikdə 49 nəfər tələbə təcrəbədə iştirak edəcək.

Prorektor vurğulayıb ki, tələbələrin nəzəri biliklərinin tətbiqində və ixtisaslı kadr kimi formalaşmasında keçdikləri təcrübə mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə tələbələr gələcək peşə fəaliyyətləri üçün zəruri olan bacarıq və vərdişlər əldə edirlər. Pedaqoji təcrübənin nəticəsi bir sıra amillərlə yanaşı, ilk növbədə, bu prosesin necə təşkil olunmasından, maraqlı tərəflərin və tələbələrin məsuliyyətindən asılıdır.

Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Ovni Muradov müəllim kadrlarının hazırlanması üçün muxtar respublikada görülən işlərdən danışıb. Vurğulanıb ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni təlim metodunun – STEAM təlim metodunun tətbiqi üçün kabinələr yaradılıb, lazımi avadanlıqlarla təchiz olunub. Təhsil nazirinin müavini qeyd edib ki, pedaqoji təcrübə tələbələrin həyatında mühüm və məsuliyyətli mərhələdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının müdiri Tamella Əsgərova muxtar respublika kitabxanalarında yaradılmış şəraitdən danışmış, vurğulamışdır ki, Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası tələbələrinin ixtisas təcrübələrinin təşkili üçün lazımi işlər görülmüşdür. Tələbələrin ixtisas təcrübələrində iştirakı kitabxana işinin təşkili üçün institutda qazandıqları nəzəri biliklərin təcrübi baxımdan tətbiqində xüsusi bir mərhələni təşkil edir.

Sonra institutun Tədris şöbəsinin müdiri Əhruz Mahmudovanın, Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyevin, İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyevanın, institutun Pedeaqoji təcrübə rəhbəri Təranə Əliyevanın çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki, son illər insan kapitalına yüksək dəyər verilən muxtar respublikamızda təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununa və təşkilinə qloballaşma və informasiyalaşdırma tələbləri baxımından yanaşılması, yeni ideyaların, metodların və nəzəriyyələrin yaradılması təhsilin inkişafını sürətləndirmiş, daha da səylə çalışmağa şərait yaratmışdır. Məruzəçilər çıxışlarında müəllim və tələbələrə uğurlar arzulamışlar.

Sonda pedaqoji təcrübəyə həsr olunmuş sərgiyə baxış olmuşdur.

 

          Naxçıvan Müəllimlər İnstitutunun

 mətbuat və ictimaiyyətlə əlaqələr xidməti