Naxçıvan Müəllimlər İnstitutunda Novruz tədbiri keçirilib

Novruz qədim zamanlardan bu günə qədər yaşadılan ən gözəl bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz Naxçıvan Müəllimlər İnstitutunda təmtəraqla, özünəməxsus gözəlliklə qeyd olunub.
Əvvəlcə institutun professor-müəllim heyəti və tələbələri Novruz tonqalını alovlandırıb, oğlanlar və qızlar tonqal ətrafında rəqs ediblər. Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərlərini, adət-ənənələrini ifadə edən, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının gözəl nümunələrinə və istedadlı gənclərin hazırladığı təsviri incəsənət əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Daha sonra Novruz bayramına həsr olunan musiqili proqram başlayıb. Tələbələr bir-birindən maraqlı və rəngarəng çıxışlar edib, Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş ediblər.
İfa olunan bayram şeirləri, rəqsləri, rəngarəng mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti