“Novruz bayramı” münasibətilə tədbir keçirilib

“Novruz bayramı” münasibətilə tədbir keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda “Novruz bayramı”-na həsr olunmuş tədbir keçirilib. İnstitutun həyətində “Novruz” tonqalı qalanıb, professor-müəllim və tələbə kollektivi yüksək əhval-ruhiyyə ilə tonqalın ətrafında toplaşıb.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov bayram münasibətilə iştirakçıları təbrik edərək Novruz bayramının tarixi, simvolları, həmçinin milli adət-ənənələrimizdən danışıb. Qeyd edib ki, bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Xarici təsirlərdən qoruyaraq yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın eyni zamanda dünya mədəniyyətinə töhfəsidir. Rektor dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb, şəhidlərimizin ruhunu dərin hörmətlə yad edib.
İnstitut əməkdaşları öz bayram təbriklərini, xoş arzu və diləklərini bildirib. Diqqətə çatdırılıb ki, bu bayram öz gəlişi ilə təbiətin oyanması, torpağın canlanmasından xəbər verir. Novruz bayramı baharın müjdəçisi kimi qəbul olunur. Odlar Yurdu Azərbaycanımızda bu bayram böyük coşqu ilə qarşılanır. Xalqımız hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq–Su, Od, Torpaq və Yel çərşənbəsi qeyd edilir.
Sonra xalqımızın qədim milli bayramı olan Novruzun bütün elementlərini və adət-ənənələrini özündə əks etdirən ədəbi-bədii kompozisiyada tələbə gənclər müxtəlif səhnəciklər nümayiş etdirib, şerlər və haxışdalar səsləndirib, gözəl mahnı və rəqs nömrələri ifa ediblər. Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaradıb.
Sonda tələbələrin əl işlərindən ibarət milli adət-ənənələrimizi, Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən sərgiyə baxış keçirilib. Bayram tədbiri möhtəşəm sonluq və alqışlarla başa çatdı.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
+14