Naxçıvan Müəllimlər İnstitutunda “Elm günləri” çərçivəsində seminar-müşavirə keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunda “Elm günləri” çərçivəsində “Təhsilalanların elmi-tədqiqat fəaliyyətinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda ənənəvi seminar-müşavirə keçirilib. Tələbə Elmi Cəmiyyəti fəalları, magistrantlar və onların tədqiqat fəaliyyətinə elmi rəhbərlik edən professor-müəllim heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açıb. Naxçıvan Müəllimlər İnstitutunda ənənəvi olaraq keçirilən “Elm günləri”nin səbəb, məqsəd və əhəmiyyətindən danışan rektor qeyd etdi ki, son ilin yekunlarına görə, institutun professor-müəllim heyətinin 366 elmi-metodik əsəri, o cümlədən 7 kitabı, 6 monoqrafiyası, 24 tədris-metodik vəsaiti, 208 məqaləsi, 70 konfrans materialı, 51 tezisi dərc olunmuşdur. Məqalə və tezislərdən 26-sı beynəlxalq xülasələndirmə və indeksləmə jurnalları və digər elmi toplularda işıq üzü görmüşdür. 2020-ci ildə institutun 3 əməkdaşı elmi dərəcə almışdır. Hazırda institutda elmi-pedaqoji potensialın 5 nəfəri elmlər doktoru, 38 nəfəri fəlsəfə doktorudur. Bunlar professor-müəllim heyətinin ümumi sayının 42,2 % -ni təşkil edir. Rektor qeyd etdi ki, 2020-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda yaradılmış pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini həyata keçirmək üçün Dissertasiya şurası fəaliyyətə başlamışdır. Naxçıvan Müəllimlər İnstitutunda elmi fəaliyyətinin keyfiyyət və səmərəliliyinin artırılmasını təmin etmək, elmi-pedaqoji əməkdaşların bu fəaliyyətini vahid meyarlar əsasında qiymətləndirmək məqsədilə “Naxçıvan Müəllimlər İnstitutunda elmi-pedaqoji əməkdaşların elmi fəaliyyətinin qiymətləndirilməsinə dair Əsasnamə” hazırlanmış, institutun Elmi Şurasında qəbul edilmiş və bu ildən tətbiqinə başlanılmışdır. Rektor Azad Novruzov institutda təhsil alan istedadlı tələbə və magistrantların vaxtında aşkarlanması, onların elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, bu sahədə işin səmərəli təşkil edilməsi və digər məsələlərin vacibliyini qeyd etdi.
Sonra Naxçıvan Müəllimlər İnstitutunda təhsilalanların elmi-tədqiqat işlərinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr barəsində institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı məruzə etdi. Məruzədə bildirildi ki, əsas vəzifələrimizdən biri böyük elmə aparan ən səmərəli yolunun Tələbə Elmi Cəmiyyətindən keçdiyini gənclərimizə tələbəliyin ilk günlərindən aşılamaqdır. Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi, onlara elmi tədqiqat metodlarının mənimsədilməsi, elmi-tədqiqatçılıq bacarıqlarının formalaşdırılması professor-müəllim heyətinin qarşısında duran vacib vəzifələrindəndir. Haliyədə hər 5 tələbələrimizdən biri bu könüllü tələbə cəmiyyətinin üzvüdür. 2020-2021-ci tədris ilində 200-dək tələbə tədqiqat işi icra olunur. Tələbələrə öz tədqiqatlarında yeni informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə yollarının öyrədilməsi günü-gündən daha artıq aktuallıq kəsb edir. Məruzəçi Tələbə Elmi Cəmiyyəti çərçivəsində birgə fəaliyyətin qarşıda duran mərhələləri haqqında müşavirə iştirakşılarını məlumatlandırdı.
Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru Yaqub Məmmədov tələbə və magistrantların elmi-tədqiqat işlərinə verilən tələblər və onların təmin edilməsi yollarından danışdı. İnstituda təhsilalanların apardıqları elmi tədqiqat işinin yerinə yetirilməsi metodikasının praktik məsələləri, elmi məlumatların toplanması və işlənilməsi yollarından ətraflı bəhs etdi. Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi, Naxçıvan Müəllimlər İnstitutu TEC sədri Aysun Nağdəliyeva “Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Elmi Cəmiyyətinin 2020-2021-ci tədris ilinin I yarımilində fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi.
Seminar-müşavirədə Tələbə Elmi Cəmiyyəti xətti ilə aparılan işlərinin yerinə yetirilməsinin vəziyyəti haqqında kafedra müdirlərinin hesabatları dinlənilmiş, məruzə və hesabatlar ətrafında müzakirələr aparılmış və təhsilalanların sualları ətraflı cavablandırılmışdır.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti