Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı”na start verildi
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-sini Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi qərara alınmışdır. Bu münasibətlə Naxçıvan Müəllimlər İnstitutunda 2019-cu ilin mart ayını “Elm aylığı” elan edilmiş və aylıq çərçivəsində silsilə elmi və elmi-təşkilati tədbirlərin keçirilməsi planlaşdırılmışdır. Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutuda “Elm aylığı”ı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri arasında ilk dəfə keçirilir. Aylığın ilk tədbiri “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirənin keçirilməsidir. İnstitutun rektoru Elbrus İsayev bugünkü tədbiri açaraq, “Elm aylığı”ının mahiyyəti, məqsədi və vəzifələri haqqında ətraflı bəhs etdi.
O, qeyd etdi ki, planlaşdırılan və bu gün icrasına başlanılan silsilə tədbirlər ölkəmizdə elm və təhsilin stateji sahələr kimi dövlət qayğısı ilə əhatə olunduğunun bütövlükdə kollektivə, xüsusilə tələbə-gənclərə yaxından çatdırması, ölkəmizdə elmin cəmiyyət və dövlətin həyatındakı yeri və əhəmiyyətinin dərindən dərk edilməsinə çalışılması, qabaqcıl dünya təcrübəsində təhsil və tədqiqatın vəhdəti prinsipinin verdiyi müsbət nəticələrin, bu istiqamətdə ölkəmizdə ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrin, təhsilalanların elmi-tədqiqat fəaliyyətinin müasir tələblər baxımından təşkilinin, onların bu fəaliyyətə cəlb olunması yollarının araşdırılması, bütövlükdə informasiya, xüsusilə elmi informasiya bolluğu şəraitində sabahın mütəxəssislərinin düzgün istiqamətləndirilməsi, onlarda tədqiqatçılıq səriştəsinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədini daşıyır. Tamamilə məqsədəuyğun haldır ki, planlaşdırılmış tədbirlərə məhz institutda fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti üzvlərinin – sabahın alimlərinin iştirakı ilə başlanılır. Rektor qeyd etmişdir ki, Naxçıvan Müəllimlər İnstitutu gündəlik dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuş, burada tədrisin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı elmi-tədqiqat işlərinin də səmərəli yerinə yetrilməsi üçün ən müasir imkanlar yaradılmışdır. Rektor əlavə etdi ki, cari tədris ilində institutda elmi-tədqiqat fəaliyyəti sistemli və planauyğun aparılır. Bu il institutda magistratura və doktorantura üzrə ayrıca bölmənin yaradılması, 2019-cu il üçün yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı işinin qaydaya salınması, doktoranturaya qəbulun müsabiqə əsasında keçirilməsi, 5-illik elmi-tədqiqat işlərinin elmi istiqamət, problem və mövzularının müəyyənləşdirilməsində təlimati tələblər və regional xüsusiyyətlərin nəzərə alınması, 6 nəfər əməkdaşın dissertasiya işlərini uğurla müdafiə etməsi və digər işləri qeyd edə bilərik. Natiq vurğuladı ki, Naxçıvan Müəllimlər İnstitutunun strateji hədəflərindən biri onun fəaliyyətini qlobal çağırışlara uyğun olaraq “Təhsil-tədqiqat-innovasiya” formatında qurmaqdan, ölkə qanunuvericiliyinə uyğun şəkildə gələcəkdə “Tədqiqat universiteti” statusunu qazanmaqdan ibarətdir. Bu anlayışın mahiyyəti, ona verilən tələblər dövlətimiz tərəfindən müəyyənləşdirilmiş, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri qarşısında uyğun konkret vəzifələr qoyulmuşdur. Rektor çıxışının sonunda “Elm aylığı”nı açıq elan etdi, bu münasibətlə institutda keçiriləcək elmi tədbirlərin siyahısı ilə müşavirə iştirakçılarını tanış etdi, tapşırıq və tövsiyələrini verdi, tələbələri bu tədbirdə fəal iştirak etməyə səslədi.
Seminar-müşavirənin plenar iclasında insitutda elmi işlər üzrə məsul şəxs – elmi katib dosent Qurban Qurbanlı “Ali təhsil müəssisəsində təhsilalanların elmi-tədqiqat işinin təşkilinə müasir yanaşma: reallıqlar və vəzifələr” mövzusunda çıxış etdi. Natiq vurğuladı ki, institutda elmi və elmi-təşkilati fəaliyyət sahəsində bir sıra işlər görülmüşdür. Ötən ildə institut əməkdaşlarının 223 əsəri, o cümlədən 3 monoqrafiyası, 3 dərs vəsaiti, 51 metodik vəsaiti və fənn proqramı, 133 elmi-metodik məqaləsi və 33 tezisi çap olunmuşdur. Elmi məqalələrdən 14-ü, tezislərdən isə 6-sı xaricdə dərc olunmuş¬dur. Xaricdə dərc olunmuş məqalələrdən 7-i Clarivate Analytics (əvvəlki Tomson Reuters) elmi platformasının Science Citation Index seriyasına daxil olan jurnallarda nəşr olunmuşdur. Keçən il institutda 4 respublika və 14 institut səviyyəli elmi tədbirlər keçirilmişdir. Qarşıda duran işlərdən bəhs edən məruzəçi qeyd etdi ki, buğünkü seminar-müşavirənin başlıca məqsədi ali təhsil müəssisələrində təhsilalanların elmi tədqiqatlarda və yaradıcılıqda real iştirakının təmin edilməsi və innovasiya fəaliyyətinə motivasiya edilməsi yollarının araşdırılması, tələbələrin müasir dövrdə elmi tədqiqatın əsasları, elmi metod və metodologiyalarla tanış edilməsi, onlara elmi ədəbiyyatla işləmək qaydalarının əsaslarının öyrədilməsi və elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması məsələlərinin müzakirəsini təşkil etmək və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. Seminar-müşavirədə riyaziyyat üzrə elmlər doktoru, professor Yaqub Məmmədov “Dəqiq elmlər sahəsində elmi-tədqiqat fəaliyyətinin xüsusiyyətləri”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev “Humanitar elmi tədqiqatlar: Nə? Necə? Nə üçün?” mövzularında məruzələrlə, institutun Tələbə Elmi Cəmiyyətinin sədri, İdtida sinif müəllinliyi ixtisası üzrə III kurs tələbəsi, Məhəmməd Tağı Sidqi adına təqaüdçü Fatimə Həsənova TEC-in fəaliyyəti barəsində məlumatla çıxış etdi. Müəllim və tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırıldı.
Sonra seminar-müşavirə öz işini 4 bölmədə davam etdirdi. Dəyirmi masa ətrafında elmi rəhbərlərlə tədqiqatçı tələbələrin əməli görüşləri keçirildi, tədqiqatçı tələbələr üçün fərdi məsləhət saatları təşkil edildi. Sonda bölmə rəhbərləri işlərin yekunlarına dair hesabat verdilər. Seminar-müşavirədə müzakirə və təkliflər əsasında qarşıda duran vəzifələr müəyyənləşdirildi.
NMİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti