Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimlərinin ixtisasartırma kursu təşkil edilmişdir.
05 mart 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədrisin təşkili və səmərəliliyinin artırılması yolları” mövzusunda başlanğıc konfrans keçirilmiş, ardınca ibtidai sinif müəllimləri üçün ixtisasartırma kursu təşkil edilmişdir.
Konfransı giriş sözü ilə institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq ibtidai sinif müəllimi hazırlığı¬nın bu gün təhsilin ən aktual problemlərdən biri olduğunu diqqətə çatdırdı.
O, qeyd etdi ki, dovlətimiz tərəfindən qayğı və diqqətlə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutu bakalavr, magistratura, doktorantura səviyyələrində kadr hazırlığı ilə yanaşı muxtar respublikada təkmilləşdirmə və ixtisasartırma sahəsində müvafiq maddi-texniki və metodiki imkanlara malikdir. 2018-2019-cu tədris ili üçün institutun ixtisasartırma və təkmilləşdirmə işləri ilə bağlı təqvim planı hazırlanmış və təsdiq edilmişdir. Ayrı-ayrı kursların kurikulum çərçivəsinin təqvim-tematik planı üzərində iş aparılır. Son dövrlərdə mövcud sistemin yenilənməsi ilə bağlı bir sıra əməli işlər görülmüşdür. Rektor qeyd etmişdir ki, ümumtəhsil məktəblərinin bütün ixtisas müəllimləri ilboyu peşə biliyini, təcrübəsini təkmilləşdirməli və bunu başqaları ilə bölüşməlidirlər.
Bizim məqsədimiz ondan ibarətdir ki, muxtar respublikada işləyən hər bir fənn müəllimi ildə bir-neçə dəfə təkmilləşdirmə ilə bağlı tədbirlərdə və beş ildən bir ixtisasartırma kurslarında iştirak etsin. Burada onlara konkret mövzu üzrə müstəqil fikir söyləmək, həmkarları və yüksək ixtisaslı mütəxəssislərlə öz fikirlərini bölüşmək, yeniliklərlə tanış etmək imkanı yarada bilərik. Müəllimin bacarığı ilk növbədə onun pedaqoji-psixoloji, ümumi mədəni səviyyəsini əks etdirən və fənyönlü bacarıqları ilə qiymətləndirilir. Hər bir müəllim peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinə çalışmalıdır. Müasir zamanda baş verən sürətli dəyişikliklər sərbəst fəaliyyət göstərməyə qadir olan təşəbbüskar, məqsədyönlü vətəndaşların yetişdirilməsi tələbatını daha da vacib edir. Bu mənada təhsilin inkişafında ibtidai təhsilin və ibtidai sinif müəlliminin rolu əvəzolunmazdır.
Rektor Elbrus İsayev konfrans iştirakçılarını, qonaqları və ixtisasartırma kursunda iştirak edəcək ibtidai sinif müəllimlərini salamlayaraq, konfransın və kursun işinə müvəffəqiyyətlər arzulamışdır.
Sonra institutun prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov, “İbtidai sinif müəlliminin peşə hazırlığına verilən müasir tələblər” mövzusunda çıxış etdi. O, ilk növbədə, ibtidai sinif müəlliminin
kompetensiyasina qoyulan əsas tələbləri şərh edərək qeyd etdi ki, ibtidai sinif müəllimi kollektivdə işləmək, beynəlxalq arenada işləmək, digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq, hüquqi biliklərə və etik normalara malik olmaq, sağlam həyat tərzini qoruyub saxlamaq, yeni ideyalar irəli sürmək və əsaslandırmaq, elmi-praktik seminarlar, dərnəklər, disputlar təşkil etmək, İKT-dən istifadə etməyi bacarmaqla yanaşı tədris etdiyi fənlərin əsas problemlərini, onların əsas tətbiq sahələrini bilməli, şagirdlərin dərs prosesində istifadə etməsi üçün elmi-metodik və didaktik vəsait hazırlamaq bacarığına, fənnin tədrisi ilə bağlı bilikləri təqdim etməklə yanaşı onları iş şəraitində adaptasiya etmək, elektron kitabxanalardan, referativ jurnallardan, internetdən yeni məlumatları əldə etmək və təqdim etmək bacarığına malik olmalıdır. O, öz inkişafına, peşəkarlığının artırılmasına daimi çalışmalıdır. Psixologiyanın predmetini, metodlarını, şagirdlərin yaş və psixoloji xüsusiyyətlərini bilməlidir. Şagirdlərini öyrənmək üçün psixoloji metodlar tərtib etməyi, onları diaqnostik ölçülərlə tədqiq etməyi bacarmalıdır. Təlim prosesinin mahiyyətini, təlimin qanunauyğunluqlarını, prinsiplərini, metodlarını, vasitələrini, texnologiyalarını, təşkili formalarını, məzmununu, onun prinsiplərini ixtisasına uyğun olaraq həyata keçirməyi bilməlıdır. Azad Novruzov cıxışının sonunda ixtisasartırma kursunun təqvim-tematik planının mövzuları ilə konfrans iştirakçılarını tanış etdi. Ardınca Naxçıvan Müxtar Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri və liseyləri ilə iş üzrə şöbə müdiri Abdulla Əsgərov ixtisasartırma kurslarının və Naxçıvan Müəllimlər İnstitutu ilə bu sahədə əməkdaşlığın əhəmiyyətindən danışdı.
Sonra institutun kabinet müdiri Ruhəngiz Allahverdiyeva “İbtidai təhsil üzrə təlim nəticələri və problemlərin həlli yolları” mövzusunda çıxış etdi.O, ibtidai sinif müəllimləri ilə aparılmış sorğunun nəticələri barədə məlumat verərək qeyd eti ki, ixtisasartırma kursu müəllimlərin istək və arzuları üzərində qurulacaqdır.
Sonda kurs uştirakçıları institutun fənn kabinələri ilə tanış oldular və anket sorğusu ilə ilk məşğələyə başladılar.