Naxçıvan Müəllimlər İnstitutunun Nizamnaməsi

  1. Ümumi müddəalar

 1.1. Naxçıvan Müəllimlər İnstitutunun (bundan sonra NMİ) Nizamnaməsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq NMİ-nin fəaliyyətini tənzimləyir.

1.2. NMİ öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını, ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsini və bu nizamnaməni rəhbər tutur.

1.3. Bu Nizamnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə uyğun hazırlanmışdır.

1.4. NMİ hüquqi şəxs statusuna malik olan, müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən təhsil müəssisəsidir.

1.5. Naxçıvan Müəllimlər İnstitutunun hüquqi ünvanı: Naxçıvan şəhəri,  AZ-7003, Heydər Əliyev prospekti 1-dir.

1.6. Naxçıvan Müəllimlər İnstitutu üçün maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

1.7. Naxçıvan Müəllimlər İnstitutunda siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.8. Naxçıvan Müəllimlər İnstitutu işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, ali təhsil müəssisəsinə  qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, ali təhsilin növbəti səviyyəsində təhsillərini davam etdirməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradır.

1.9. Naxçıvan Müəllimlər İnstitutunda təhsil alanların geyim forması institut Elmi şurası tərəfindən müəyyən edilir, təhsil alanlar üçün vahid geyim forması tətbiq olunur.

1.10. Naxçıvan Müəllimlər İnstitutunun nizamnaməsi institutun Elmi Şurası tərəfindən qəbul olunur və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunur.

1.11. Naxçıvan Müəllimlər İnstitutunun adının dəyişdirilməsi müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

1.12. Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinə xüsusi razılığın verilməsi (lisenziyalaşdırılması) və akkreditasiyası qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

1.13. Naxçıvan Müəllimlər İnstitutunun bazasında özündə müxtəlif tipli təhsil müəssisələrini birləşdirən komplekslər (kampuslar) yaradıla bilər. Onların yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

1.14. Naxçıvan Müəllimlər İnstitutu ali təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə ölkədaxili və xarici ali təhsil müəssisələri ilə öz aralarında sazişlər bağlamaq, elm, istehsal və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək, tədris, elm-istehsal birlikləri yaratmaq, ərazi tədris istehsal birlikləri və assosiasiyalarına  daxil olmaq hüququna malikdir.

1.15. Naxçıvan Müəllimlər İnstitutunda fakültələr, kafedralar, tədris şöbəsi, kitabxana, elmi tədqiqat və sınaq laboratoriyaları, doktorantura, əlavə təhsil üçün müvafiq bölmələr, tədris-təcrübə təsərrüfatı, idman bazası, tədris teatr və studiyaları, konsert zalı, sərgi salonu, iaşə müəssisəsi və digər struktur bölmələr fəaliyyət göstərə bilər.

Naxçıvan Müəllimlər İnstitutunun strukturunda onun profilinə uyğun istehsal, elmi-tədqiqat, yaradıcılıq müəssisə və təşkilatları yaradıla bilər.

Naxçıvan Müəllimlər İnstitutunun strukturu onun Elmi Şurası tərəfindən müəyyənləşdirilir və institutun rektoru tərəfindən təsdiq edilir.

Naxçıvan Müəllimlər İnstitutunun struktur bölmələrinin fəaliyyət dairəsi və funksiyaları institutun nizamnaməsində öz əksini tapır.

Naxçıvan Müəllimlər İnstitutunun struktur bölmələri tədris prosesi və elmi tədqiqat işlərinin təşkilində, onun həyata keçirilməsində bilavasitə iştirak edir, institutun elmi şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını yerinə yetirirlər.

Struktur bölmələrinin rəhbərləri institutun rektoru tərəfindən təyin olunur.

1.16. Naxçıvan Müəllimlər İnstitutunun bəzi struktur bölmələri hüquqi şəxs statusuna malik ola bilər.

1.17. Naxçıvan Müəllimlər İnstitutunda təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  24 oktyabr 2013-cü il tarixli 313 nömrəli qərarına  əsasən “Valideyinlərini  itirmiş  və  valideyin  himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə  təhsil  haqqı  dövlət  büdcəsinin  vəsaiti  hesabına  ödənilir”

1.18. Naxçıvan Müəllimlər İnstitutu təhsil, tərbiyə və elm mərkəzi kimi, nizamnaməsinə uyğun aşağıdakı vəzifələri yerinə yetirir:

– hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali təhsilalma tələblərinin  ödənilməsi;

– təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;

– elmi araşdırmaların aparılması;

– yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların hazırlanması;

– ixtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi;

– qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil, mədəni-maarif, nəşriyyat, təsərrüfat üzrə kommersiya fəaliyyəti ilə məşğul olunması;

– beynəlxalq fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi.

Həmin vəzifələri yerinə yetirmək üçün Naxçıvan Müəllimlər İnstitutu:

– dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri səlahiyyətləri çərçivəsində müstəqil hazırlayır;

– tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;

– təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir;

– elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil edir və həyata keçirir;

– profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər hazırlayır;

– elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər və s. təşkil edir və həyata keçirir;

– elmi əlaqələr yaradır, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak edir;

– təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir  informasiya və elmi-metodik təminatını, ali təhsil müəssisəsinin xüsusi veb-portalını, qlobal kompyuter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır;

– elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatları hazırlayır və nəşr edir;

– tələbələrə və professor-müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil edir və göstərir;

– təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir;

– maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görür;

– müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq əlaqələr yaradır.

1.19. Naxçıvan Müəllimlər İnstitutunda mütəxəssislər və elmi-pedaqoji kadr hazırlığı 3 səviyyədə nəzərdə tutulur:

– bakalavriat;

– magistratura;

– doktorantura.

Naxçıvan Müəllimlər İnstitutunda ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:

– əyani;

– qiyabi;

– distant (məsafədən);

– sərbəst (eksternat).

1.20. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli, ali təhsilli mütəxəssislər hazırlanır.

Bakalavriat təhsili başa çatmış ali təhsildir.

Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4 ildir. Qiyabi forma üzrə  təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.

Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

Bakalavriat təhsili almış məzun, elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər.

Bakalavriat təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmununu və təşkili Qaydaları”na uyğun olaraq müəyyən edilir.

1.21. Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur.

Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.

Magistratura səviyyəsini bitirən şəxslərə “magistr” ali elmi-ixtisas dərəcəsi verilir. Magistraturanı bitirmiş şəxslərə peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.

Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na əsasən müəyyən edilir.

1.22. Naxçıvan Müəllimlər İnstitutunda çalışan elmi-pedaqoji kadrlara əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir.

1.23. Naxçıvan Müəllimlər İnstitutu öz imkanları daxilində nizamnaməsinə uyğun olaraq ali təhsilin müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların əlavə təhsil almasını təşkil edə bilər. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

– ixtisasartırma;

– kadrların yenidən hazırlanması;

– stajkeçmə və kadrların təkmilləşdirilməsi;

– təkrar ali təhsil;

– dərəcələrin yüksəldilməsi;

– yaşlıların təhsili.

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarına əsasən müəyyənləşdirilir və bu təhsil ödənişli əsaslarla həyata keçirilir.

1.24. Naxçıvan Müəllimlər İnstitutunda tədris ali təhsilin ayrı-ayrı səviyyələri üzrə təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən təhsil proqramları (kurikulumları) üzrə həyata keçirilir.

 

  1. Naxçıvan Müəllimlər İnstitutuna tələbə qəbulu

 

2.1.Ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər,magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil müəssəsinin sərbəst seçimi əsasında,müsabiqə yolu ilə,müəyyən olunmuş qaydada qəbul oluna bilərlər.

Naxçıvan Müəllimlər İnstitutuna tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

2.2.Naxçıvan Müəllimlər İnstitutunun bakalavriat,magistratura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəftar çıxdığı beynəlxalq müqavilələr əsasında,habelə ali təhsil müəssəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

2.3. Naxçıvan Müəllimlər İnstitutuna tələbə qəbulu planı dövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında institutun imkanları nəzərə alınmaqla, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasinin Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyənləşdirilir.

2.4. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə Naxçıvan Müəllimlər İnstitutunda tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:

-institutun Nizamnaməsi;

-təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);

-təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.

2.5.Təkrar ali təhsil,ixtisasartırma və yenidənhaxırlanma, stajkeçmə və peşə hazırlığı kurslarına qəbul NMİ-nin təsisçisi olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada həyata keçirilir.

  1. Naxçıvan Müəllimlər İnstitutunun tədris fəaliyyəti

3.1. Naxçıvan Müəllimlər İnstitutunda tədris dili  dövlət dili – Azərbaycan dilidir.

3.2. Naxçıvan Müəllimlər İnstitutu ali təhsilin səviyyələri üzrə aşağıdakı təhsil proqramlarını (kurikulumları) həyata keçirir:

– bakalavriat;

– magistratura;

– əlavə təhsil.

3.3. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” (bundan sonra – dövlət təhsil standartı) ilə müəyyənləşdirilir.

3.4. Naxçıvan Müəllimlər İnstitutunda  Ali təhsilin səviyyələrində ixtisaslar üzrə təhsil proqramlarında aşağıdakı fənn bölmələri nəzərdə tutulur:

bakalavriat səviyyəsində:

– humanitar fənlər;

– ixtisasın peşə hazırlığı fənləri;

Humanitar fənn bölməsi sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri və prosesləri araşdırmağı təmin etməlidir.

İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin etməlidir.

Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır.

Humanitar fənn bölməsinə məcburi fənlər kimi “Azərbaycan tarixi”, “Azərbaycan dili” (xarici dildə təhsil alanlar üçün), “Xarici dil” fənləri daxildir.

Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatdırılır;

magistratura səviyyəsində:

ixtisaslar üzrə təhsil proqramları təhsil və elmi tədqiqat hissələrindən ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların həcmi 40-50 faiz təşkil edir.

Təhsil hissəsində aşağıdakı fənn bölmələri nəzərdə tutulur:

– humanitar fənlər;

– ixtisaslaşma fənləri.

Bu bölmələrə daxil olan fənlərin tədrisi zamanı magistrlara müvafiq elm sahəsində elmi tədqiqat işlərini aparmaq və təşkil etmək, müasir informasiya texnologiyalarından istifadə etmək, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, idarəetmə sahəsində fəaliyyət göstərmək vərdişləri aşılanır.

Bu təhsil proqramları üzrə humanitar fənlər bölməsinə ümumi auditoriya saatlarının 25-30 faizi, ixtisaslaşma fənlərinə 70 faizi ayrılır.

Humanitar fənn bölməsinə məcburi fənlər kimi “Xarici dil”, “Ali məktəb pedaqogikası” və “Psixologiya” fənləri daxildir.

İxtisaslar üzrə bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölmələrinə seçmə fənlər daxildir. Hər iki proqramda seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat həcminin 25-30 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

3.5. Ali təhsil pilləsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları müvafiq tədris-metodiki sənədlər əsasında həyata keçirilir.

Bu sənədlərin formaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu tərəfindən müəyyənləşdirilir.

Naxçıvan Müəllimlər İnstitutu dövlət təhsil standartı çərçivəsində ali təhsil proqramlarında müvafiq dəqiqləşdirmələr apara bilər və bu, təhsil müəssisəsinin nizamnaməsində öz əksini tapmalıdır.

3.6. İxtisaslar üzrə təhsil proqramlarında normativ təhsil müddətləri dövlət təhsil standartı ilə müəyyən edilir.

3.7. Naxçıvan Müəllimlər İnstitutunda ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartına uyğun hazırlanmış və ali təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir.

Naxçıvan Müəllimlər İnstitutunun bakalavr pilləsində tələbələrin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).

Auditoriya dərsləri həftədə bakalavriat səviyyəsində 30 saatdan, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 (15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 №-li qərarı ilə  həyata keçirilir.

Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə bakalavriat səviyyəsində 180-240 saata, magistraturada isə 120-160 saata qədər nəzərdə tutulur.

Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.

Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər.

Tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) ibarətdir.

Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

Hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən, qış tətili müddəti 2 həftədən az olmayaraq).

Naxçıvan Müəllimlər İnstitutunda dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və s. daxildir.

Akademik saat – 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

Bakalavriat və magistratura səviyyələrinin proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Dövlət Attestasiya Komissiyasının yaradılması və işinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir. Aralıq attestasiya imtahan formasında həyata keçirilir, hər semestr üzrə imtahanların siyahısı təhsilalanların nəzərinə çatdırılır.

Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir və bu sistemdə A (əla), B (çox yaxşı), C (yaxşı), D (kafi), E (qənaətbəxş) və F (qeyri-kafi) qiymətləri müəyyənləşdirilir. Balların göstərilən qiymətlər üzrə bölgüsü Azərbaycan Respublikasının  Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdirilir.

3.8. Naxçıvan Müəllimlər İnstitutunda əyani forma üzrə dövlət hesabına təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər (o cümlədən, adlı təqaüdlər) və yardımlar verilir.

3.9. Təhsilalanların bir təhsil proqramından və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət verilməsi və ali təhsil müəssisəsinə bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.

3.10. Ali təhsilin bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə ali təhsil müəssisəsini bitirməsi barədə dövlət nümunəli sənəd (diplom) verilir. Həmin diploma əlavədə təhsilalanlar tərəfindən mənimsənilmiş fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir.

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin məzunlarına onların arzusu ilə Avropa Komissiyası, Avropa Şurası və YUNESCO/CEPES-in və ona müvafiq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümunəsinə uyğun təhsil müəssisəsi tərəfindən hazırlanmış diploma əlavə də verilə bilər.

Ali təhsilin müvafiq səviyyələrini bu və ya digər səbəbdən başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və viyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir.

  1. Elmi fəaliyyət

4.1. Naxçıvan Müəllimlər İnstitutunda mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.

4.2. NMİ-da elmi araşdırmalar institutun müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat bölməsi, kafedralar, laboratoriyalar və s.) aparılır.

4.3. Naxçıvan Müəllimlər İnstitutunun elm  sahəsində fəaliyyəti onun profilinə uyğun elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinə yönəldilir.

4.4.  Aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.

4.5. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir. Naxçıvan Müəllimlər İnstitutunda elmi tədqiqat işlərinin aparılması və təşkili qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən hazırlanmış “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və Naxçıvan Müəllimlər İnstitutunun  nizamnaməsi ilə müəyyənləşdirilir.

4.6. Aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə (mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, kurs layihələrinə, kurs və buraxılış işlərinə, magistr dissertasiyalarına) tətbiq olunması və monoqrafiyalar, elmi məqalələr, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi forumlarda məruzə edilərək yayılması təşkil edilir.

4.7. Naxçıvan Müəllimlər İnstitutunda aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.

4.8. Aparılan elmi araşdırmalar dövlət büdcəsi, müxtəlif fondlar, təhsil müəssisələrinin büdcədənkənar və sifarişlər əsasında daxil olan vəsaitləri, eləcə də qrantlar hesabına həyata keçirilir.

4.9. Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.

  1. Ali təhsil müəssisəsinin idarə olunması

5.1. Naxçıvan Müəllimlər İnstitutunun idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanı olan elmi şura fəaliyyət göstərir.

5.2. Naxçıvan Müəllimlər İnstitutunun ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili orqandır, onun yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən hazırlanmış “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və ali təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.

5.3. Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinə bilavasitə rəhbərlik rektor tərəfindən həyata keçirilir. Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur və ya vəzifəsindən azad edilir.

Rektor əvəzçiliklə təyin oluna bilməz.

Naxçıvan Müəllimlər İnstitutunun prorektorları (tədris, elmi metodik, təlim-tərbiyə, əlavə təhsil, təsərrüfat işləri və beynəlxalq əlaqələr üzrə) ali təhsil müəssisəsi rəhbərinin (rektorun) təqdimatı əsasında təsisçi tərəfindən təyin olunurlar.

Rektor mütəxəssis hazırlığının keyfiyyətinə, ali təhsil müəssisəsində tədris, elm, tərbiyə, maliyyə-təsərrüfat işlərinin təşkilinə və büdcənin icrasına görə məsuliyyət daşıyır.

Rektor ali təhsil müəssisəsinin inzibati-funksional idarəetmə strukturunu və ştat cədvəlini təsdiq edir.

Rektorun səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir. Naxçıvan Müəllimlər İnstitutunun idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yer verilmir.

5.4. Fakültə ali təhsil müəssisəsinin tədris elm və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas üzrə bakalavr, magistr hazırlanmasını, müvafiq sahə üzrə mütəxəssislərin (kadrların) ixtisasının artırılması (və yenidən hazırlanması) işini həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir.

Naxçıvan Müəllimlər İnstitutunun fakültələrinə ümumi rəhbərlik fakültə elmi şurası tərəfindən həyata keçirilir. Fakültə elmi şurası  rektorun əmrinə əsasən 3 il müddətinə seçilir. Fakültə elmi şurasının sədri – dekandır. Fakültə elmi şurasının vaxtından əvvəl yenidən seçilməsi onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə, həmçinin müstəsna hallarda ali təhsil müəssisəsinin rektorunun təqdimatına görə həyata keçirilə bilər. Fakültə elmi şurasının tərkibi rektor tərəfindən təsdiq edilir. Fakültə elmi şurasının tərkibi və səlahiyyətləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalarla tənzimlənir.

5.5. Naxçıvan Müəllimlər İnstitutunun fakültələrinə qanunvericiliklə müəyyən edilmiş qaydada bu vəzifəyə təyin olunmuş dekan rəhbərlik edir.

Dekan:

– fakültədə tədris prosesinə, tərbiyə işlərinə və elmi tədqiqatların yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir;

– təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartının tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin edir;

– tələbələrin dərslərdə iştirakını təmin edir;

– tələbələrin elmi, pedaqoji və istehsalat təcrübəsinin həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır;

– fakültə üzrə dərs cədvəllərinin tərtibinə rəhbərlik edir, onun optimal variantlarının təmin olunması üçün məsuliyyət daşıyır və həyata keçirilməsinə nəzarət edir;

– tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyətləri üçün şərait yaradılmasını təmin edir;

– tələbələrin imtahanlarının keçirilməsinə nəzarəti təşkil edir, bütün imtahan sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik daşıyır;

– tələbələri tələbələr sırasından xaric etmək və bərpa etmək üçün rektora təqdimatlar verir;

– tələbələrin buraxılış dövlət imtahanlarına, buraxılış diplom işlərinin və magistrlik dissertasiyalarının müdafiəsinə buraxılmasına icazə verir;

– fakültədə dövlət hesabına təhsil alan tələbələri mövcud qaydada təqaüdə təqdim edir;

– fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması və yenidən hazırlanması işinin həyata keçirilməsinə rəhbərlik edir;

– fakültədə doktorantların təhsilinin lazımi səviyyədə təşkil olunmasını təmin edir, onların attestasiyalarını keçirir;

– fakültənin profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, təhsil normalarının, tədris planlarının, metodik göstərişlərin hazırlanmasına təşəbbüs göstərir və bu işə ümumi rəhbərlik edir;

– kafedralararası müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsini təşkil edir və onlara rəhbərlik edir;

– ümumfakültə elmi-metodiki və elmi seminarlarının təşkilini təmin edir;

– fakültədə hazırlanan ixtisaslar üzrə peşəyönümü işinin aparılmasını təşkil edir və onun lazımi səviyyədə aparılmasına məsuliyyət daşıyır;

– ali təhsilin hər üç səviyyəsi üzrə fakültədə hazırlanması mümkün və zəruri olan ixtisasları, ixtisaslaşmaları müəyyənləşdirir, illik və perspektiv qəbul planları üzrə ali məktəbin rəhbərinə təkliflər təqdim edir;

– fakültə elmi şurasına rəhbərlik edir;

– ali təhsil müəssisəsində fakültə ilə bağlı olan bütün tədbirlərdə, komissiyalarda, yığıncaq və şuralarda fakültəni təmsil edir;

– müavinlərinin təyin edilməsi üçün təqdimat verir;

– fakültədə olan bütün tədris-köməkçi heyətinin işinə nəzarət edir, onların işə qəbulu və işdən azad olunması, eləcə də həvəsləndirilməsi və cəzalandırılması üçün ali təhsil müəssisəsinin rəhbərinə təqdimat verir;

– ayrı-ayrı kafedraların tədris yükünün düzgünlüyünü yoxlayıb, onlara rəy verir.

5.6. Kafedra ali təhsil müəssisəsinin (fakültənin) əsas tədris struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılmasını və təhsilalanlar arasında tərbiyə işlərini həyata keçirir.

Kafedranın əsas vəzifələri aşağıdakılardır:

– bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktik seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;

– kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;

– cari imtahanların keçirilməsi;

– dövlət imtahanlarının təşkili və keçirilməsi;

– təhsilalanlar arasında tərbiyə işinin təşkili;

– kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;

– dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;

– elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;

– tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;

– kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

– respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;

– tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;

– elmi-pedaqoji və elmi kadrların hazırlanması;

– kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;

– tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;

– müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;

– ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;

– elmi biliklərin təbliğ edilməsi;

5.7. Kafedraya rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan kafedra müdiri həyata keçirir.

Kafedra müdiri:

– kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;

– kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;

– hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;

– ayrılmış əməkhaqqı fondu daxilində və kafedranın büdcədənkənar vəsaiti hesabına onun ştat tərkibinə dair təklif verir;

– fakültədə, ali təhsil müəssisəsində və kənar təşkilatlarda kafedranı təmsil edir;

– kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təqdim edir;

– kafedranın fəaliyyətinə görə kafedranın kollektivi, fakültə, ali təhsil müəssisəsinin elmi şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır.

5.8. Naxçıvan Müəllimlər İnstitutunda elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrə təyinolunma rektor tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

  1. Təhsilalanların, təhsilverənlərin və digər işçilərin

hüquq və vəzifələri

 6.1. Təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Naxçıvan Müəllimlər İnstitutunun nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

6.2. Təhsilalanların hüquqları aşağıdakılardır:

– qanunvericilikdə nəzərdə tutulmuş qaydada ali təhsil müəssisəsinə qəbul olunmaq;

– təhsil müəssisəsinin, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;

– dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;

– ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;

– təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, yataqxanalardan, kitabxanalardan və s.) istifadə etmək;

– müəyyən edilmiş qaydada ali təhsil müəssisəsini və ixtisasını dəyişmək;

– elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

– fasiləsiz təhsil almaq;

– sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

– insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

– müəyyən olunmuş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;

– Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

– ali təhsilin hər bir səviyyəsində qanunvericilikdə göstərilən hallar istisna olmaqla, yalnız bir dəfə pulsuz təhsil almaq;

– təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

– ali təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq;

– elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;

– müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını seçmək;

– qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

6.3. Təhsilalanların vəzifələri aşağıdakılardır:

– dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

– pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

– təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;

– dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;

– təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

– qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

6.4. Təhsilverənlərin hüquqları aşağıdakılardır:

– normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

– təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

– tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

– şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

– təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

– ixtisasını artırmaq, yeni ixtisas almaq, staj seçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;

– müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;

– ali təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əməkhaqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərtilə, məsləhətçi-professor vəzifəsini tutmaq;

– qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

6.5. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

– təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

– təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

– təhsilalanlarla fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

– təhsilalanları elmi fəaliyyətə cəlb etmək;

– şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

– pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsini göstərmək;

– təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

– gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

– ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər keçirmək;

– qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

– qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

6.6. Naxçıvan Müəllimlər İnstitutunda akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin yaş həddinə çatan pedaqoji işçilər akademik və inzibati vəzifə tutmamaq şərtilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində iştirak edə bilərlər.

6.7. Təhsil müəssisəsinin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, istehsal, tədris-köməkçi və digər heyətinin hüquq və vəzifələri müvafiq qanunvericiliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən hazırlanmış “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təhsil müəssisəsinin nizamnaməsi, ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir

Ali təhsil müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti

7.1. Naxçıvan Müəllimlər İnstitutunun əmlakı dövlət, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan və nizamnaməsində öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.

Naxçıvan Müəllimlər İnstitutu mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Ali təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

Naxçıvan Müəllimlər İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

Naxçıvan Müəllimlər İnstitutu öz nizamnaməsində göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.

NMİ dövlət mülkiyyətində olduğu üçün onun özəlləşdirilməsi qadağandır.

Naxçıvan Müəllimlər İnstitutunun büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

Naxçıvan Müəllimlər İnstitutunun istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.

7.2. Dövlət tərəfindən ali təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayrılır.

Naxçıvan Müəllimlər İnstitutu mövcud qanunvericilik çərçivəsində öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət ali təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.

Naxçıvan Müəllimlər İnstitutunun əldə etdikləri mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.

Naxçıvan Müəllimlər İnstitutunun maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin növünə və kateqoriyasına uyğun olaraq, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarına əsasən hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.

NMİ dövlət sifarişi ilə kadr hazırlığı üçün ayrılan büdcə vəsaitlərinin, habelə əldə olunan büdcədənkənar vəsaitlər üzrə xərc istiqamətlərini müəyyən edir və bu məqsədlə hazırlanmış büdcə vəsaitləri üzrə xərclər smetasını, eləcə də büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasını Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir.

Naxçıvan Müəllimlər İnstitutunun nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildə əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

Dövlət ali təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqqının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat üzrə qrantlar təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.

Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verir.

7.3. Naxçıvan Müəllimlər İnstitutu aşağıdakı mənbələrdən maliyyələşdirilir:

– qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;

– ödənişli təhsildən əldə olunan vəsaitlər;

– hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;

– müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;

– ali təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;

– hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;

– dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;

– ali təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışında qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;

– ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;

– qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

7.4. Naxçıvan Müəllimlər İnstitutunda əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi  haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli qərarı ilə müəyyən edilmiş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

Naxçıvan Müəllimlər İnstitutu sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Naxçıvan Müəllimlər İnstitutuna sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. Ali təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.

7.5. Naxçıvan Müəllimlər İnstitutu bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

7.6. Naxçıvan Müəllimlər İnstitutunda təhsilin dövlət təhsil standartına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəmədə iddia qaldırıla bilər.

Bu bəndin birinci abzasına uyğun olaraq, iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.

  1. Təhsil sahəsində beynəlxalq əlaqələr

 Naxçıvan Müəllimlər İnstitutunda əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Naxçıvan Müəllimlər İnstitutunda tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil edilir. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Naxçıvan Müəllimlər İnstitutu qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.

Naxçıvan Müəllimlər İnstitutu beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi tədqiqat və layihə-konstruktor işlərinin, elmi-praktik konfransların, simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, doktorantların, müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.

Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının  tələblərinə riayət etməklə, öz nizamnamələrinə uyğun, müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır.

  1. Digər Şərtlər

 11.1. Bu Nizamnamədə nəzərdə tutulmayan digər məsələlər qanunvericilikdə müəyyən edilmiş qaydada Təsisçi tərəfindən həll edilir.

11.2. Bu Nizamnamə onun dövlət qeydiyyatından keçdiyi andan qüvvəyə minir.

11.3. Bu Nizamnamə təsisçilərin (təsisçinin) Ümumi Yığıncağının yekdil qərarı əsasında tamamlana, tam, yaxud qismən dəyişdirilə bilər.

11.4. Gələcəkdə bu Nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.

Author

Azərbaycan dili AZ English EN