Naxçıvan Müəllimlər İnstitutunda“1 Mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Təsərrüfat işləri üzrə şöbə müdiri Rasim Babayev “1 Mart Ümumdünta Mülki Müdafiə Günü” əhəmiyyətindən danışmış və bu cür tədbirlərin mütəmadi olaraq həyata keçirilməsinin tələbələrin təhlükəsizliyinin təmin edilməsindəki önəmini vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov “Naxçıvan Muxtar Respublikasında fövqəladə hallara qarşı mübarizə” mövzusunda danışaraq muxtar respublikanın mülki müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması barədə ətraflı məlumat verib. Fövqəladə hadisələr zamanı xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi, yanğınların qarşısının alınması, fərdi mühafizə vasitələri və kollektiv mühafizə qurğularından istifadə üsulları barədə nəzəri biliklərin və praktiki vərdişlərin təkmilləşdirilməsi, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydalarına xüsusi diqqət yetirilməsi tövsiyyə olunub. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Əvəz İsmayılov çıxış edərək, “1 Mart Ümumdünta Mülki Müdafiə Günü”-nün əhəmiyyətindən, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranması tarixindən məlumat bermişdir. Həmçinin məruzəçi mülki müdafiə ilə bağlı Naxçıvan Müəllimlər İnstitutunda həyata keçirilən tədbirlərlə də bağlı iştirakçılara məlkumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov “Təbii və texnogen fəlakətlər zamanı davranış qaydaları”ndan bəhs edərək qeyd edib ki, gündəlik həyatımızda baş verəcək hadisələrə hər zaman hazırlıqlı olmalı və bu zaman davranış qaydalarını bilməliyik. Bu davranış qaydalarını bilməklə və ətrafdakı insanlara öyrətməklə dəyən ziyanı minimum endirmək və daha az insanın xəsarət almasına nail olmaq olar. Nəzərə çatdırılıb ki, bu səbəbdən əhalinin maarifləndirilməsi, müxtəlif ekstremal vəziyyətlərdə əvvəlcədən hazırlıqlı olması, özünə və qarşılıqlı yardım qaydaları və üsullarını bilməsi mühüm şərtlərdən biridir.