Naxçıvan Müəllimlər İnstitutu: sabahın müəllimləri pedaqoji təcrübədə
Dahilər müəllimi Günəşlə müqayisə edirlər. Günəş öz işığını, hərarətini yer üzünə yaydığı kimi müəllim də öz bilik və bacarığı ilə yüzlərlə insanın yoluna məşəl kimi nur saçır. Naxçıvan Müəllimlər İnstitutu məhz belə müəllimlərin hazırlanmasını özünün əsas vəzifəsi hesab edir. Gənc ali təhsil ocaqlarından olmasına baxmayaraq bu gün muxtar diyarımızın, habelə ölkəmizin bütün guşələrində bu institutun yetirmələrinə rast gəlmək olar. Ötən dövr ərzində böyük inkişaf yolu keçən institutun maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və yenilənməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində mümkün olmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun buraxılış kurslarında İbtidai sinif müəllimliyi və Riyaziyyat və infromatika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr 18 fevral 2019-cu il tarixdən Naxçıvan şəhər məktəblərində 14 həftəlik pedaqoji təcrübəyə başlamışlar. Məlumdur ki, təlimin keyfiyyəti müəllimin peşəkarlıq səviyyəsindən, yaradıcılıq qabiliyyətindən, tədris prosesində yeni pedaqoji texnologiyaları tətbiq edə bilməsindən və öz üzərində müntəzəm işləməsindən asılıdır. Tələbə ali təhil ocağında müəllimdən aldığı nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalıdır. Məhz buna görə institutda bu işə böyük diqqət yetirilir və həmişə nəzarətdə saxlanılır. Növbəti pedaqoji təcrübə də gənclərin gələcəyin mükəmməl pedaqoqları kimi yetişmələri baxımından öz bəhrəsini verməlidir. Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev tez-tez tələbələrin təcrübə keçdiyi məktəblərdə olur, tələbələrə pedaqoji təcrübənin əhəmiyyətindən danışır, onların icmalları, gündəlikləri və müşahidə qeydləri ilə, habelə təcrübə rəhbəri, ixtisas metodisti, pedaqoq və psixoloqların apardığı işlərlə yerindəcə tanış olur. Pedaqoji təcrübə zamanı məsuliyyət və nizam-intizamın vacibliyini qeyd edir, dərslərin ən müasir İKT vasitələri ilə keçirlməsi, tərbiyəvi tədbirlərin maraqlı və məqsədyönlü təşkil edilməsinə dair tapşırıqlar verir. Təcrübə keçən tələbələrin dərs məşğələlərində şəxsən iştirak edir, gündəlik mövzuların dərsin məqsədinə uyğun keçirilməsini və tələbələrin təcrübi bilik və bacarıqlarının qiymətləndirilməsini müşahidə edir. Pedaqoji təcrübə müddətində tələbələri maraqlandıran sualları ətraflı cavablandırır.
NMİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti