Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab təqdimatı keçirilib

Ali təhsilli mütəxəssislərin yetişdirilməsində əvəzsiz rol oynayan istənilən kitabın öz oxucusunu asanlıqla tapmasında təqdimat mərasimlərinin əhəmiyyəti çox böyükdür. Müəllim hazırlığı ilə məşğul olan Naxçıvan Müəllimlər İnstitutunda bu tədbirlərə xüsusi fikir verilir. Bu ğünlərdə institutun kitabxanasında Dillər və ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Günay Şirəliyevanın yenicə çapdan çıxmış “Kəmalə Ağayevanın poetik irsi” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev bu kitabı son illərdə yazılmış dəyərli əsərlərdən biri kimi dəyərləndirdi, onun gələcək tədqiqatlar üçün bir mənbə olacağına əminliyini ifadə etdi.


Kitab təqdimatında institutun kitabxana müdiri Şəfayət Sadıqova “Kəmalə Ağayevanın poetik duyğuları tədqiqatçı təhlilində”, filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimli “Kəmalə Ağayevanın yaradıcılığında insan və zaman haqqında fəlsəfi düşüncələr” və “Naxçıvan ədəbi mühitində Kəmalə Ağayevanın tutduğu mövqe” mövzularında məruzə ilə çıxış etdilər, monoqrafiyanın məziyyətlərindən danışdılar. Qeyd olundu ki, təqdim olunan kitab həm də Naxçıvan ədəbi mühiti ilə maraqlanan gələcəyin müəllimləri üçün dəyərli vəsaitdir.


Müəllim və tələbələrin iştirakı ilə keçirilən təqdimat mərasimində müəllif verilən sualları cavablandırdı, ziyalılara göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirdi, kitabın nüsxələrini institutun kitabxanasına hədiyyə etdi. İnstitutun rektoru Elbrus İsayev kitab hədiyyəsinə görə müəllifə təşəkkür etdi və ona yeni yaradıcılıq uğurları arzuladığını bildirdi. 

Naxçıvan Müəllimlər İnstitutun
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti