Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda 2021/2022-ci ilin yaz semestri üçün nəzərdə tutulmuş pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov gənc nəslin yetişdirilməsi sahəsində yaradılan yüksək şəraitdən, göstərilən hərtərəfli dövlət qayğısından, tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübənin əhəmiyyətindən danışıb və qeyd edib ki, pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı, ali təhsil müəssisələrinin tədris planında xüsusi önəm daşıyan bir prosesdir. Rektor diqqətə çatdırıb ki, tələbələr pedaqoji təcrübədə məktəb müəllimlərinin dərslərində iştirak edərək tədris sistemini müşahidə etməklə bir çox sosial-pedaqoji dəyərlərə yiyələnəcəklər. Proqram materiallarının perspektiv və cari planlaşdırılmasına dair vərdişlər qazanacaq, qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayacaqlar.
Azad Novruzov təcrübədən keçəcək tələbələrə dərslərə hazırlıqlı daxil olmaları, nizam-intizam qaydalarına riayət etmələri ilə bağlı tövsiyyələr verib, onlara uğurlar arzulayıb.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin şəraitindən, maddi-texniki bazasından və tələbələrin pedaqoji mühitə uyğunlaşması, pedaqoji biliklərini inkişaf etdirmələri üçün pedaqoji təcrübənin mühüm əhəmiyyətindən danışıb. Qeyd edib ki, metodist müəllim, pedaqoji rəhbər və təcrübəçilərin məktəbə gəlişi, tədris müəssisələrində daha çox məsuliyyət və yaradıcılıq əhvali-ruhiyyəsi doğurur, ali və ümumtəhsil məktəbləri arasında birgə fəaliyyət imkanı yaranır. Nazir vurğulayıb ki, təcrübə müddətində Təhsil Nazirliyi tərəfindən tələbələrin yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq.
İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev təcrübəyə gedəcək tələbələrin sayı, məktəblər və bağçalar üzrə bölgüsünə toxunaraq qeyd edib ki, bakalavriat səviyyəsinin IV kurs “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 138 tələbə, Rus dili müəllimliyi ixtisası üzrə 12 tələbə, “Biologiya müəllimliyi” ixtisası üzrə 14 tələbə və V kurs “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə 60 tələbə Naxçıvan şəhər 4 № li, 5 № li, 8 № li, 11 № li, 12 № li, 14 № li, Naхçıvan Qızlar liseyi və Heydər Əliyev adına tam orta məktəblərində və IV kurs “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə 12 tələbə Naxçıvan şəhər 7 № li, 10 № li, 12 № li uşaq bağçalarında fevralın 16-dən mayın 24-dək 14 (on dörd) həftəlik pedaqoji təcrübə keçməlidirlər. Ümumilikdə 236 nəfər tələbənin təcrübə keçməsi planlaşdırılıb. Çapay Quliyev təcrübə müddətində orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri əməkdaşlarının yerinə yetirəcəyi vəzifələr haqqında geniş məlumat verib.
Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva təcrübənin təşkili ilə bağlı görülmüş işlər, qarşıda duran vəzifələr haqqında, Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və Pedaqoji fakültənin dekanı Samirə Həsənova isə Pedaqoji təcrübə müddətində dekanlıqların qarşısında duran vəzifələrdən danışıb.
Konfransın yekununda pedaqoji təcrübəyə başlayan tələbələrin sualları cavablandırılıb, onlara lazımi tövsiyyələr verilib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti