Naxçıvan Müəllimlər İnstitutunda yaradılan “Təhsildə Sosial-Psixoloji Xidmət Mərkəzi”nin təqdimat tədbiri keçirilmişdir

14 fevral 2023-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda ictimai əsaslarla yaradılan “Təhsildə Sosial-Psixoloji Xidmət Mərkəzi”nin təqdimat tədbiri keçirilmişdir. İnstitutun rektoru Azad Novruzovun rəhbərliyi ilə keçirilən tədbirdə institutun “Pedaqogika və psixologiya” kafedrasının psixologiya üzrə mütəxəssisləri, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin psixoloqları və institutun magistratura səviyyəsində Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.
Tədbirdə Təhsildə Sosial-Psixoloji Xidmət Mərkəzinin yaradılması zərurətinə toxunan rektor vurğulamışdır ki, institutda bu mərkəzin yaradılmasına əsas verən həm kadr potensialı həm də maddi-texniki baza imkan verir ki, bu istiqamətdə mərkəzləşmiş əsaslı işlər aparılsın.
Mərkəz “Təhsildə Sosial-Psixoloji Xidmət Mərkəzinin işinin təşkilinə dair Əsasnamə” ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində institutun “Pedaqogika və psixologiya” kafedrası ilə əlaqəli fəaliyyət göstərərək institutda həm bakalavriat həm də magistratura səviyyələrində Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələrinin tədqiqat əsaslı praktik fəaliyyətinin gücləndirilməsi, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəb psixoloqlarına işlərini günün tələbləri səviyyəsində qurması üçün vahid mərkəz əsaslı metodiki dəstəyin göstərilməsinə xidmət edəcəkdir. Eyni zamanda məktəbdə psixoloji xidmətin səmərəliliyinin artırılması, təhsilalanlara daha əsaslı psixoloji dəstəyin göstərilməsi üçün onların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsi və onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin etmək məqsədilə nəzəri və praktik təcrübələrə əsaslanan tədqiqatlar aparmalarının təmin edilməsi və koordinasiyasını yerinə yetirəcəkdir.
İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev “Təhsildə Sosial-Psixoloji Xidmət Mərkəzinin işinin təşkilinə dair” mövzusunda çıxış edərək bildirmişdir ki, mərkəzdə ilkin mərhələdə dörd istiqamət üzrə dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur. Bunlar “İnkişaf və yaş psixologiyası”, “Psixodiaqnostika və psixokorreksiya”, “Korreksiyaedici təlim”, “İnklüziv təhsil” istiqamətləridir.
Sonra istiqamət rəhbərləri institutun Pedaqogika və psixologiya kafedrasının əməkdaşları psixologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Hacıyeva, baş müəllim-psixoloq Nüşabə Məmmədova, müəllim-defektoloq-loqoped Almaz Məmmədova və müəllim-psixoloq Aynurə Məmmədova istiqamətlər üzrə görüləcək işlər haqqında məlumat vermişdir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış və Təhsildə Sosial-Psixoloji Xidmət Mərkəzi ilə tanışlıq olmuşdur.