“2 Fevral-Gənclər Günü”nə həsr edilmiş “Müasir dövrdə dövlət gənclər siyasəti” mövzusunda konfrans keçirilmişdir
Konfransı institutun rektoru Azad Novruzov giriş sözü ilə açaraq qeyd etmişdir ki, gəncliyimiz dövlətimizin yüksək qayğısı ilə əhatə olunmuşdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin bugünkü inkişafının əsasını təşkil edir. Ümummilli liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən Gənclər Günü Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Aparılmış uğurlu dövlət-gənclər siyasətinin əsasında gənclərin inkişafı və yüksəlişi üçün bir sıra dövlət proqramları qəbul edilmişdir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi bu gün təhsil, elm, siyasət, idarəçilik və digər sahələrdə uğurla təmsil olunurlar. Vurğulamışdır ki, gənclik gələcəyin əsası, böyük güc və sağlam düşüncə deməkdir. Bu gün Naxçıvan Müəllimlər İnstitunda təhsil alan gənclər də gələcəyin müəllimləri kimi böyük məhsuliyyət daşıyır. Günümüzdə hər bir gənc onlar üçün yaradılmış şəraitin dəyərini bilməli Vətəni, xalqı üçün faydalı şəxsiyyət olmağa çalışmalıdır.
Sonra Hümanitar və İctimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Azərbaycan gəncliyinin inkişafında dövlətin uğurlu siyasəti” mövzusunda çıxış edərək əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Dövlət başçısının gənclərin intellektual və mənəvi inkişafını, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da təsdiq etdiyi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” haqqında danışaraq gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların potensiallarının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığına, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir texnologiyalardan səmərəli istifadə etməklə bağlı fikirlərini bildirmişdir.
“Naxçıvan Muxtar Respublikasında tələbə gənclər daim dövlət qayğısındadır” mövzusu ilə çıxış edən tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Zəhmət Hüseynov muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən danışmışdır. Qeyd etmişdir ki, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığının tərbiyə edilməsi muxtar respublikada aparılan zəruri tədbirlərdəndir.
Çıxışlardan sonra Tələbə Gənclər Təşkilatının sədri Ayxan Hüseyinlinin, Tələbə Elmi Cəmiyyətinin sədri Aysun Nağdəliyevanın və Tələbə Həmkarlar İttifaqının sədri Rüfət Hacıyevin hesabat çıxışları dinlənilmiş, 2021-ci ildə müxtəlif sahələrdə fəallıq göstərən gənclər mükafatlandırılmışdır.
Tələbələrin hazırladıqları bədii hissəyə və 2021-ci ilin uğurlarını əks etdirən sərgiyə baxış olmuşdur.

