Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda 2 Fevral-Azərbaycan Gəncləri gününə həsr olunmuş “Dövlət gənclər siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı institutun rektoru tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq bildirdi ki, əsası Ümumilli Liderimiz tərəfindən qoyulmuş uğurlu gənclər siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da müasir gəncliyin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Bu gün respublikamızın hər yerində, eləcə də muxtar respublikamızda gənclərin məsul vəzifələrdə iştirakının geniş şəkildə təmin edilməsi onlara olan inamın və qayğının ən bariz nümunəsidir. İnkişaf etmiş və yeni ideyalarla zəngin təfəkkürə malik gənclərin formalaşması, onlar üçün ölkə həyatının bütün sahələrində geniş meydan açılması məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən gənclər siyasətinin uğurlu nəticələrindəndir.


Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk partiya təşkilatının sədri, pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyev tədbirdə məruzə ilə çıxış edərək Azərbaycanda gənclər siyasətinin uğurlarından ətraflı bəhs etdi. Məruzəçi qeyd etdi ki, bu uğurlu siyasət sayəsində gənclərimizin həm milli və ümumbəşəri tələblər səviyyəsində formalaşması yeni inkişaf mərhələsinə daxil olmuşdur. Bu inkişaf mərhələsində gənclərimizin sosiallaşmasını stimullaşdırmaqla onların cəmiyyətin aparıcı qüvvələrinə inteqrasiyası yüksək tələblər səviyyiyəsində təmin edilmişdir. Bu inteqrasiya gənclərdə vətənpərvərlik və soy-kökə bağlılıq, Vətənin gələcəyinə inam və məsuliyyət hislərini yaratmışdır. Görülən işlərin sistemli aparılması və gələcəyə planlı şəkildə istiqamətləndirilməsi gəncliyin öz üzərinə düşən məhsuliyyəti dərindən dərk etməsinə gətirib çıxarmışdır.

 
Konfrans institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, pedaqoji fakültənin III kurs tələbəsi Günel Məmmədovanın “Dövlət gənclər siyasətinin həyata keçirilməsində tələbə gənclərin fəallığı”, Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu Gənclər Birliyinin sədri, təbiət və incəsənət fakültəsinin III kurs tələbəsi Ruhid İslamlının “Naxçıvan Muxtar Respublikasında gənclərin inkişafına yaradılmış şərait” mövzularında məruzələr ilə davam etmişdir. Məruzələr ətrafında müzakirələrdə tələbə-gənclər xüsusi fəallıq göstərmişlər.
Sonda bir qrup gənc tələbəyə mükafatlar təqdim olunmuş, gənclər günü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilmişdir.

 

Author

Azərbaycan dili AZ English EN