Naxçıvan Müəllimlər İnstitutunda Respublika Elmi Konfransı keçirilmişdir

“Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda keçirilən konfransı Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev giriş sözü ilə açaraq Naxçıvanın xalçaçılıq ənənəsinin qorunması istiqamətində təşkil edilmiş bu kimi tədbirlərin əhəmiyyətindən danışmışdır.
Rektor bilirib ki, Azərbaycan dekorativ-tətbiqi sənətinin çox əhəmiyyətli nümunələrindən biri olan xalçaçılıq bütün ölkədə olduğu kimi onun inkişaf etmiş qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda da çox böyük inkişaf yolu keçmişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasında bütövlükdə keçmiş mədəni irsə dövlət səviyyəsində diqqət və qayğı artmış, xalq yaradıcılığı nümunələrinin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. İntitutun rektoru qeyd etdi ki, Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən 2018-ci il 19 aprel tarixdə imzalanmış Sərəncamla “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Şübhəsiz ki, həmin proqramın icrası xalçaçılığın yüksək səviyyədə inkişafına öz layiqli töhfəsini verəcəkdir. Bu proqramda muxtar respublikamızda fəaliyyət göstərən elm və təhsil müəssisələrinin də üzərinə konkret vəzifələr düşür. Proqramın icrası ilə bağlı Naxçıvan Müəllimlər İnstitutunda xüsusi tədbirlər planı hazırlanıb qəbul edilmişdir. İnstitutda Təsviri incəsənət müəllimliyi ixtisası üzrə bakalavr hazırlığı üçün “Naxçıvan xalçaçılıq məktəbi” seçmə fənnin tədris olunması, əməkdaşların Naxçıvan xalçaçılıq ənənələrinə həsr olunmuş elmi-tədqiqat işləri aparması, tələbə və magistrantların elmi məruzələr, buraxılış işləri və magistr dissertasiyaları işləyib hazırlamaları planlaşdırılmışdır. Bugünkü elmi konfransın təşkili də nəzərdə tutulmuş tədbirlərdəndir. Muxtar respublikamızda bu mövzuda təşkil edilmiş ilk elmi konfransa regionun elm və təhsil müəssisələri nümayəndələri böyük maraq göstərmişlər. Bu maraq, demək olar ki, xalq müdrikliyinin özünəməxsus nümunəsi olan xalçalarımza dövlət səviyyəsində göstərilən diqqət və qağıdan qaynaqlanır.


Konfransın plenar iclasında AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli “Naxçıvan Muxtar Respublikasında xalçaçılığın qorunması və inkişafına dövlət qayğısı”, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, dosent Gülnarə Qənbərova “Naxçıvan xalçaları mədəniyyət abidəsi kimi”, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, dosent Asif Axundov “Naxçıvanda xalçaçılıq sənətinin xammal ehtiyatları və onun inkişaf perspektivləri”, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova “Naxçıvanın xovsuz xalçaları”, “Azərxalça”nın Naxçıvan filialının direktoru Səriyyə Hüseynova “Xalçalarımız – xalq müdrikliyinin nümunəsi kimi” adlı məruzələrlə çıxış etmişlər.


Konfrans öz işini iki bölmədə davam etdirdi. Naxçıvan xalçaçılıq sənətinin tarixi məsələləri, xalçaçılığın bədii və texnoloji xüsusiyyətləri və digər mühüm elmi problemləırin işiqlandırılmasına həsr olunmuş məruzələr dinlənildi. Məruzələrdə Azərbaycan Respublikasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda xalçaçılığın qorunmasına və inkişafına dövlət qayğısı, Azərbaycan xalçaçılıq tarixində Naxçıvan məktəbinin yeri və rolu, Naxçıvan xalçaçılığının bu günü və gələcəyi, habelə elmi aktuallıq kəsb edən digər məsələlərdən geniş bəhs edildi, canlı müzakirələr keçirildi.
Qeyd olundu ki, Azərbaycanın qədim diyarı olan Naxçıvan memarlıq, incəsənət məktəbləri, köklü təhsil ənənələri ilə yanaşı, xalçaçılıq sənəti ilə də dünyada tanınıb. Əsrlər boyu xalçaçılıq sənəti doğma diyarımız Naxçıvanda xalq yaradıcılığının inkişaf etdirilməsinə, adət-ənənələrinin qorunmasına, xalqımızın mədəni varlığı kimi təkcə insanların canlı tarixi olmamış, həm də qədim köklər və mədəni dəyərlər barədə məlumat daşıyıcısı olmuşdur. Ancaq bu gün də milli xalçaçılığın rəngarəngliyinin, xalçaçılıqla bağlı ənənələrin, xalça naxışlarının, texnologiyalarının saxlanılması, qorunması və gənc nəslə çatdırılmasına ehtiyac duyulur. Çünki gənclərimiz də xalçaçılıq sənətinin zənginliyinə və təkrarsızlığına bələd olmalı, bu bilgiləri və ənənələri gələcək nəsillərə ötürməlidirlər.
Tələbə gənclərin də iştirak etdiyi bu tədbirdə səsləndirildi ki, el sənətimizin inkişafında, tarixi taleyinin yaşantısında öz yolu, öz cığırı olan Naxçıvan xalçaçılıq sənəti yüz illər boyu inkişaf edə-edə, bu günümüzə gəlib çıxıb, el-el, ev-ev gəzib, şöhrəti dildən-dilə düşüb, yurdumuza baş ucalığı gətirib. Dünyanın hər yerinə səs-soraq salıb, min bir naxışlı Naxçıvan xalçaları. Nənələrimiz, analarımızın yaşatdığı, bu günümüzə ərmağan etdiyi bu xalçalar torpağımızın qədimliyindən, ululuğundan xəbər verir. Bu qədimliyi qoruyub saxlamaq isə hər birimizin vətəndaşlıq borcudur.
Konfransın gedişində İKT imkanlarından geniş şəkildə istifadə edildi. “Azərbaycan xalçaları Naxçıvan qrupu filminə baxış keçirildi.


Konfransın yekun iclasında görülmüş işlərə nəzər salındı, elmi tövsiyə və təkliflərlər ümumiləşdirildi. Məruzələrin materiallarını ayrıca məcmuə şəklində çap edilməsi qərara alındı. Konfrans iştirakçılarına sertifikatlar verildi.

Author

Azərbaycan dili AZ English EN